ABŞ-ın İrəvan planı: Qarabağ belə azad ediləcək

10.01.2019 14:49     Siyasi reaksiya     813

Əgər Serj Sərkisyan baş nazir olmaq istəməsəydi, Ermənistanda inqilab olmayacaqdı.

Bunu “Moskovskiy Komsomolets” qəzetinə müsahibəsində erməniyönlü rusiyalı politoloq Vladimir Yevseyev deyib.

O, Sərkisyanın hakimiyyətdən gedişinin Ermənistanın milli maraqlarına cavab verdiyini bildirib. Onun sözlərinə görə, Serj Sərkisyanın gedişinə səbəb olan haqlı hadisələrdən sonra Rusiyaya qarşı müəyyən münasibət Moskva ilə Ermənistan münasibətlərində gərginlik yaratdı:

“Ermənistan hakimiyyətində olan bəzi şəxslər əvvəlcə bir, sonra isə başqa bir şey deyirlər. Bir nümunə gətirim. Paşinyanın rəhbəri olduğu Yelk Bloku parlamentdə Ermənistanın Avrasiya İttifaqından çıxışı təşəbbüsü ilə çıxış edirdi. Mən düşünmürəm ki, baş nazir olan kimi insan Avrasiya İttifaqı, KTMT və Qərbə münasibətini birmənalı formada dəyişdirəcək. Yeni rəhbərlik düşünür ki, hər şeyi sıfırdan başlaya bilər və bu işdə öz ölkəsinin qanunlarına hörmət etmir. Mən eks-prezident Robert Köçəryanın birinci və ikinci mübahisəli həbsini nəzərdə tuturam. Çoxlu korrupsionerlər azadlıqda qalır və onlara qarşı real addımlar atılmır. Bu isə korrupsiya ilə mübarizənin sadəcə vizual xarakter daşıdığını deməyə əsas verir. Ermənistandakı seçki kampaniyası suallar yaratdı. Ona görə ki, belə şəraitdə aparılan seçki kampaniyasında heç bir real müxalifət partiyası seçkiyə hazırlaşa bilmədi. İndi isə Ermənistanda heç bir müxalifətin olmadığı parlament mövcuddur”.

O, həmçinin Paşinyanın yeni hökumətinin qeyri-peşəkarlardan təşkil olunacağını bildirib. Yevseyev Ermənistanda yeni inqilabın yaşana biləcəyini deyib:

“Çox enerjisi olmasına rəğmən, Paşinyan hər kəslə bacara bilməz. Obrazlı şəkildə desək, o, hər erməniyə öz hasarını hansı rənglə rəngləməli olduğunu deyə bilməz. Belə şəraitdə bu inqilabı yenisi əvəzləyə və Paşinyanın əvəzinə daha radikal insanlar hökumətə gələ bilər. Rusiyanı narahat edən budur. Bütün bunlar Paşinyana dəstəyin əhali arasında sosial-iqtisadi problemlər ucbatından azalması fonunda baş verir”.

Ekspertin fikrincə, Paşinyan sosial-iqtisadi problemləri həll edə bilməzsə, o zaman Ermənistan üçün yeni düşmən tapacaq və bu da Rusiya olacaq:

“O, hazırda parlament və məhkəmə sistemi üzərində tam nəzarətə sahibdir ki, bu da indiki hakimiyyəti üçün fövqəladə dərəcədə ciddi sınaqdır. Onun bu sınaqdan çıxacağı hələlik şübhəlidir. Ona görə də indi kiminsə kimə maneçilik yaratdığını demək olmaz. Real müxalifət olmadığına görə indi bütün məsuliyyət Paşinyanın üzərinə düşür. Əgər o, sosial-iqtisadi vəziyyəti yaxşılaşdıra bilməsə, bütün məsuliyyət üzərində qalacaq. Bu halda Paşinyanın iki variantı var. Ya o, peşəkarları hökumətə dəvət etməli, ya da xarici düşmən tapmalıdır. Belə düşmən Rusiya elan edilə bilər.

Yevseyevin sözlərinə görə, guya ABŞ İrəvandakı proseslərə mənfi təsir göstərir və bu, Ermənistanın ərazi bütövlüyünü, eləcə də Qarabağı itirməsinə səbəb olacaq:

“Hazırda Ermənistanda Britaniya və ABŞ yüksək aktivlik nümayiş etdirir. Bu aktivlik bizim Ermənistanda bu ölkələrlə rəqabət apardığımıza görə neqativ amil deyil. Belə ki, Rusiya ilə istənilən hərbi əməkdaşlığın zəiflədilməsi Ermənistanın ərazi bütövlüyünü sual altına qoya bilər. Hazırkı hakimiyyət təəssüf ki, buna xüsusi diqqət yetirmir. Mən hələ Dağlıq Qarabağdakı destabilizasiya cəhdləri və Qarabağın tam itirilməsindən danışmıram.

Ermənistana fərqli dövlətlərin iddiaları var. Azərbaycanla Dağlıq Qarabağdakı “sərhədlə” yanaşı, kənar ərazidə də iki ölkə arasında sərhəd mövcuddur. Qarabağda genişmiqyaslı hərbi fəaliyyətlər zamanı konflikt Ermənistan ərazisinə keçə bilər. Azərbaycan və Türkiyə hərbçilərinin birgə fəaliyyəti də istisna edilmir. İndi Ermənistanda Rusiya hərbi bazası nə işlə məşğuldur? Bu baza ilk növbədə Türkiyənin ambisiyalarının qarşısını alır, yəni Ermənistanı Türkiyədən qoruyur. Ona görə də Rusiya-Ermənistan hərbi əlaqələrinin zəifləməsi İrəvanı ciddi təhdidlə üz-üzə qoya bilər. Qərb Ermənistanı müdafiə etməyəcək. Əgər Qarabağ itirilsə, bu, təkcə Ermənistan yox, həm də bütün erməni diasporu üçün fəlakət olacaq. Söhbət Rusiyanın Cənubi Qafqazda hegemon olması cəhdlərindən yox, məhz bundan gedir. Bizim münasibətlər pisləşsə, Ermənistan çoxsaylı düşmənləriylə əhatələnmiş formada yalnız qalacaq. Bu əhalinin ölkədən axınının artdığı zamanda olacaq. Ermənistanın əhalisinin sayı 2,3 milyon, Qarabağın isə 160 min nəfərdir. Onlar 6 milyonluq Azərbaycana qarşı (əslində Azərbaycan əhalisi 10 milyon nəfərdir – red.) dayana biləcəklərmi? Bu, sadəcə mümkün deyil. Ermənistanın Qarabağda hərbi mövcudluğunun zəifləməsi ayrıca rayonlarla yanaşı, bütün Qarabağın itirilməsi demək olacaq. Qarabağın öz “ordusu” özü-özünü müdafiə gücündə deyil”.

Reaksiya.az

Şərhlər