Tehranda “Qarabağ Ermənistanındır” plakatı ilə bağlı İran səfirliyindən açıqlama

28.02.2019 12:55     Siyasi reaksiya     796

İranda rəsmi səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanın görüşünün baş tutduğu məkan erməni klubudur. Bu səbəbdən həmin klubda qadınlar başıaçıq otura bilərlər.

Bu sözləri Axar.az-a İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşı Əli Musəvi İranda rəsmi səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanın Tehranın “Ararat” klubunda erməni icması ilə görüşündə iştirak edən qadınların baş örtüsüz olmasına və görüş zamanı “Qarabağ Ermənistanındır və Son” sözləri yazılmış plakatın qaldırılmasına münasibət bildirərkən deyib.

Ə.Musəvi bildirib ki, Nikol Paşinyanın səfəri ilə bağlı onlarda hələlik heç bir məlumat yoxdur:

“Bu görüş və səfərlə bağlı bizə hələ heç bir məlumat gəlməyib. Orada hansı plakatın açılmasından da məlumatsızıq”.

Səfirlik əməkdaşı qeyd edib ki, Qarabağ məsələsi ilə bağlı İranın rəsmi mövqeyi bəllidir:

"İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. "Ararat" klubunda açılan plakatda ermənicə nəyin yazılmasından isə yəqin ki, orada iştirak edən İran rəsmilərinin xəbəri olmayıb, çünki onlar erməni əlifbasını və dilini bilmirlər. Onu da bildirim ki, erməni klubunda baş tutan görüş və orada yaşananlar İranın rəsmi mövqeyi deyil".

Qeyd edək ki, İranda rəsmi səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Tehranın “Ararat” klubunda erməni icması ilə görüşü zamanı qaldırılmasına icazə verilən plakatda ermənicə “Qarabağ Ermənistandır və Son” sözləri yazılıb.

Reaksiya.az

Şərhlər