Ermənistan bu xəbərlə təşvişdə: “Naxçıvanda Türkiyə bazası yaradılır”

27.08.2019 15:12     Siyasi reaksiya     841

Azərbaycanın Naxçıvanda hərbi gücünü artırması, Türkiyə ilə birgə hərbi təlimlər  İrəvanın hərbi-siyasi dairələrində ciddi narahatlıq yaradıb; Ermənistan Milli Elmlər Akademiyasının institut direktoru: “Türkiyənin məqsədlərindən biri də Gümrüdəki 102-ci Rusiya bazası ilə balans yaratmaqdır”

Qardaş Türkiyənin son illər öz hüdudlarından kənarda iki hərbi baza yaratması Ermənistanda təşvişlə qarşılanır. Ermənilər narahatdır ki, Sudanda və Qətərdə hərbi baza quran Ankara günün birində Azərbaycanın Naxçıvan bölgəsində də analoji addım ata bilər.

Elə Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, akademik Ruben Safrastyanın son açıqlamaları da ermənilərin nə dərəcədə təşviş içində olduqlarının nümayişidir. “Məni bu informasiyanın birinci mənbəyi çox maraqlandırırdı və deyəsən, mən həmin mənbəni tapa bildim. 2018-ci ilin sentyabrında o qədər də tanınmayan türk qəzetində məqalə dərc edilib, orada deyilirdi ki, Ankara kulislərində Türkiyənin Naxçıvanda hərbi baza yaratması məsələsi müzakirə olunur. Görünən o idi ki, bunu qəsdən sızdırmışdılar və zəmin yoxlaması aparmaq istəyirdilər”, - Türkiyənin regiondakı mövqelərini gücləndirmək cəhdlərindən narahatlığını gizlətməyən erməni akademik belə deyib.

Safrastyan əlavə edib ki, Bakı və Ankara arasında Naxçıvan ərazisində hərbi əməkdaşlıq son illər xeyli güclənib, birgə təlimlər keçirilir və bütün bunlar Türkiyənin Naxçıvan istiqamətində fəallaşdığını göstərir. “Bütün bu amillərin analizi əsasında təxmin etmək olar ki, hazırda Naxçıvanda Türkiyə hərbi bazasının yaradılmasına hazırlıq gedir. Ankaranın əsas məqsədi geosiyasi xarakter daşıyır və Cənubi Qafqazdakı Rusiya-Türkiyə rəqabətindən qaynaqlanır”, - Ruben Safrastyan vurğulayıb. Erməni akademik istisna etmir ki, Türkiyənin məqsədlərindən biri də Gümrüdəki 102-ci Rusiya bazası ilə balans yaratmaqdır. Onun fikrincə, Naxçıvanda baza yerləşdirəndən sonra Türkiyə Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması üçün iddia ortaya qoya bilər. “Əlbəttə, baza Ermənistana əlavə təzyiq rıçağı da olacaq. Mənim fikrimcə, Rusiya artıq konfidensial şəraitdə Türkiyəyə öz narazılığını çatdırıb və bu da Ankaranın Naxçıvan istiqamətində fəallığının azalmasına səbəb olub. Lakin Türkiyənin geosiyasi məqsədləri əvvəlki kimi qalır”, - erməni akademik mülahizələrinə davam edib. (Virtualaz.org) 

Qeyd edək ki, Azərbaycan son illər Naxçıvanda hərbi iştirakını dəfələrlə gücləndirib, Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu ən müasir və güclü silah sistemləri, hücum vasitələri ilə təchiz olunub. Müntəzəm olaraq Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun birləşmələri hərbi təlimlər keçirir, o cümlədən Türkiyə ordusu ilə birgə təlimlər təşkil olunur. Azərbaycanın Naxçıvanda hərbi gücünü artırması Ermənistan hərbi-siyasi dairələrində ciddi narahatlıq və təşvişlə izlənilir.

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı" ile ilgili görsel sonucu

Ötən həftə isə “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı"na əsasən komanda-qərargah təlimi keçirilib. Naxçıvan Qarnizonu qoşunlarında üçpilləli, ikitərəfli keçirilən komanda-qərargah təlimi plana əsasən mərhələlərlə icra edilib. Təlim çərçivəsində “Həyəcan” siqnalı ilə cəmləşmə rayonlarına çıxarılan qoşunların ən müasir vasitələrlə idarə olunması praktiki  həyata keçirilib. Ərazidə qərargahlar tərəfindən müdafiə və hücum əməliyyatları planlaşdırılıb. Praktiki fəaliyyətlərə cəlb edilən bölmələr döyüş atışlarını icra ediblər.

Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində qoşunların fəaliyyəti kompüterlər üzərində məşq etdirilərək komandirlərin döyüşü idarəetmə bacarıqları təkmilləşdirilib. Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılıb, çatışmazlıqlar qeyd olunub, növbəti təlimlərə hazırlıqla bağlı tapşırıqlar dəqiqləşdirilib. Ümumilikdə təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub. 

Bu il Naxçıvanda Azərbaycan və Türkiyənin birgə hərbi təlimlər keçirməsi də düşmən ölkəni ciddi şəkildə həyəcanlandırmışdı. Ermənilərin Ermənistan-Azərbaycan sərhədində vaxtaşırı təxribatlar törətməsi də proseslərə Rusiya, yaxud KTMT-ni qatmaq niyyətindən xəbər verir. Lakin hələ ki, İrəvan arzusuna çata bilmir, bunun bir səbəbi Rusiya-Azərbaycan münasibətlərinin normal məcrada inkişafıdırsa, digər səbəb Moskva-Ankara əməkdaşlığıdır. Putin Rusiyası Ermənistanın satqın hakimiyyətinin fitnəsinə uyub ərazisi işğalda olan Azərbaycanı özündən küsdürmək istəmir. Eyni zamanda Ermənistanda etiraf olunduğu kimi, Azərbaycanın üzv olmadığı KTMT-də nüfuzu, onun üzvü olan Ermənistandan qat-qat yüksəkdir. 

Türkiyənin Qarabağla bağlı prosesə müdaxiləsi Ermənistanda daim təşviş doğurur. Odur ki, Ankaranın Minsk Qrupu həmsədri kimi fəaliyyətinə maneçiliklər davam edir. Ancaq bu da var ki, Türkiyə öz qonşuluğunda terror yuvalarını məhv etməkdə qərarlıdır və Şimali İraqda növbəti hərbi əməliyyatların başlaması da Ankaranın bu məsələdə güzəştsiz siyasətini təsdiqləyir. Bu da faktdır ki, Ermənistan PKK-nı himayə edən, işğal altındakı Azərbaycan ərazilərində bu təşkilat üçün təlim düşərgələri yaradan dövlətdir. Deməli, günün birində Türkiyə bölgədə onu təhdid edən terror düşərgələrinin kökünü qazımaqdan ötrü Azərbaycanla birgə Qarabağda da hərbi əməliyyatlara başlaya bilər. Ermənistandakı təşviş əsassız deyil.

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı" ile ilgili görsel sonucu

Ermənistanda Türkiyənin qəhrəman oğullarından biri Tələt paşanı təhqir edən abidənin qoyulması da hiddət doğurur.

Ermənistanın Şirak bölgəsində Osmanlı imperiyasının son baş nazirlərindən olan Tələt paşanı öldürən daşnak sui-qəsdçi Soqomon Teyliryana aid heykəl inşa olunub. Heykəl illər öncə inşa olunsa da, sosial şəbəklərdə indi səs-küyə səbəb olub. Musavat.com xəbər verir ki, heykəlin ayağının altında təsvir edilən İttihad və Tərəqqi hərəkatının liderlərindən olan Mehmet Tələt paşanın kəsik başının məqsədli bir şəkildə o cür qoyulması diqqətləri çəkib. Şübhəsiz ki, günün birində ermənilər bunun hesabını böyük Türkiyəyə verəcəklər. İndiki durumda isə Türkiyənin Naxçıvan ərazisində hərbi baza qurması rəsmi İrəvan üçün intihara bənzər addım olardı. Hələlik rəsmi şəkildə bununla bağlı hansısa mövqe yoxdur, lakin Azərbaycanın ictimai rəyində bu, çox arzu olunur.

Qafar Çaxmaqlı ile ilgili görsel sonucu

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Türkiyənin Naxçıvanda Azərbaycanın Əlahiddə qoşunları ilə əməkdaşlıq içində olduğu heç kəsə sirr deyil: “Türklər bizim əsgərlərə təlim verirlər. Bu, ölklərimiz arasında razılaşdırılmış hərbi əməkdaşlığın nəticəsində mümkün olur. Bizim kursantların Türkiyədə, eyni zamanda başqa ölkələrdə oxuması, tədris və təlim görməsi çox normal haldır. Ermənilər həmişə Naxçıvanda Türkiyənin varlığını vurğulamaqla bəlli məqsədlər güdürlər və Rusiyanın bu işə qarışmasını, həmçinin Türkiyənin bu bölgədə fəal olmamasını istəyirlər. Mətbuata da Türkiyənin burada baza yaradacağı xəbərlərini erməni və ya ermənipərəst rus KİV-ləri yayır. Erməni türkoloq ara-sıra antitürk, anti-Azərbaycan şərhləri ilə gündəmə gələn Ruben Safrastyan bu məsələni şişirdir. İndi Naxçıvanda belə bir bazanın yaradılması gündəmdə deyil. Amma Naxçıvan Türkiyə üçün elə önəmli nöqtələrdən biridir ki, burada belə bir bazanın yaradılmasını biz də arzu etməliyik. Safrastyanın dediyi kimi, bu baza Gümrüdəki 102 saylı Rusiya hava bazasına alternativ ola bilməz. Yaradılmasını biz də arzu etdiyimiz baza başqa təyinatlı ola bilər”. Q.Çaxmaqlı digər məqama da toxundu: “Azərbaycan Dağlıq Qarabağda separatçılara qarşı antiterror əməliyyatları keçirməsi durumunda Ermənistanın işə qarışmasının qarşısını almaq üçün bizə belə bir strateji nöqtədən Ermənistanı vurmaq üçün bir nöqtə lazımdır. Yalansa da, gerçək olsun! Təki belə bir bazanın qurulması həqiqətə çevrilsin!” 

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı" ile ilgili görsel sonucu

Ermənistanın mövcud hakimiyyətinin çıxılmaz durumla üz-üzə qaldığını erməni ekspertlər də təsdiqləyir. Baş nazir Nikol Paşinyan 2050-ci ilədək planlar cızdığı halda, “burnunun ucunda” baş verənlərin qarşısını ala bilmir. “Ermənistan hökumətinin qeyri-adekvatlığı erməni xalqına böyük qan hesabına başa gələ bilər”. Axar.az xəbər verir ki, bunu “Ermənistanın Səsi” qəzetinə müsahibəsində Milli Razılıq Partiyasının lideri Aram Arutyunyan deyib. “Paşinyan qeyri-adekvat addımlar atmağa hazırdır. Əgər hökumət binası qarşısında 10 min nəfər toplanıb istefasını tələb edərsə, onun necə davranacağını biz bilmirik. Ermənistanda payızda başlayacaq proseslər nəticəsində hakimiyyətin dəyişməsi qaçılmazdır. Ona görə də cəmiyyət bu proseslərə hazırlanmalı və qan axıdılmasından qaçmalıdır”, - deyə o bildirib. Arutyunyan Paşinyana qarşı formalaşacaq yeni birliyə Ermənistanın eks-prezidenti Robert Köçəryanın rəhbərlik edəcəyini deyib.

Düşmənin təxribatçı addımları isə ondan xəbər verir ki, Ermənistan sülh yolu ilə torpaqlardan çıxmaq niyyətində deyil. Separatçılar son günlər işğal altındakı Xankəndi şəhərində yaranmış kəskin içməli su probleminin həlli yollarını axtarmağa başlayıblar. Moderator.az xəbər verir ki, ermənicə nəşrlərin yaydığı məlumata görə, keçmiş “baş nazir” hesab edilən, “prezidentliyə namizəd”, “Azad Vətən” “partiyası”nın lideri Araik Arutyunyan bu haqda təkliflə çıxış edib. O, bildirib ki, Xankəndinin daimi içməli su ilə təmin olunmasına nail olmaq üçün ən yaxşı variant Badara kəndi (Xocalı rayonu) yaxınlığındakı eyniadlı çay üzərində su anbarı tikməkdir. A.Arutyunyan söz verib ki, “parlament”in payız sessiyasında həmin anbarın tikintisi üçün 2020-ci ilə nəzərdə tutulacaq  büdcəsindən vəsait ayrılması barədə məsələ qaldıracaq.

Diqqət edin, düşmən Azərbaycan üçün olduqca həssas bir bölgə olan ünvandan - Xocalıdan öz rifahı naminə yararlanmaq istəyir. Bu kimi planlar isə düşmənə qarşı ən sərt tədbirləri labüd edir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin sükutu, bütün bu özbaşınalıqlara reaksiya verilməməsi də Azərbaycanın özünün ən yaxın müttəfiqi ilə - qardaş Türkiyə ilə birgə addımlar atmağa vadar edir. Türkiyə hakimiyyəti daim bəyan edib ki, Azərbaycan hansı addımı atacaqsa, hansı qərarı verəcəksə, onun yanında olacaq.

Reaksiya.az

 

Şərhlər