"Dialoqun əksi qarşıdurma və qeyri-qanuni mübarizədir" - Əli Həsənov

12.09.2019 16:23     Siyasi reaksiya     1341

"1993-cü ildən Azərbaycanda milli birlik - vətəndaş həmrəyliyi siyasəti yürüdülür. Siyasi partiyalar cəmiyyətin institutlarıdır. Azərbaycan iqtidarı ilə cəmiyyətin digər təmsilçiləri - qeyri-hökumət təşkilatları, media və siyasi partiya nümayəndələrinin ünsiyyəti bütün dövrlərdə aktual olub".
 
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, şöbə müdiri Əli Həsənov ötən gün baş tutan "Azərbaycan siyasətinə xarici müdaxilənin yolverilməzliyi" mövzusunda keçirilən tədbiri şərh edərkən deyib.
 
Əli Həsənov bildirib ki, hakimiyyət milli birliyi, həmrəyliyi Azərbaycanın alternativsiz reallığı kimi dəyərləndirir: "Bunun alternativini görmürük. Dialoqun əksi qarşıdurma və qeyri-qanuni mübarizədir. Biz dialoqu yüksək dəyərləndiririk, istənilən halda Azərbaycan cəmiyyəti üçün dialoq həmişə aktualdır. Dünən də belə bir tədbir keçirilib. Düşünürəm ki, siyasi partiyalar, media və qeyri-hökumət təşkilatları bu istiqamətdə fəaliyyətlərini məhdudlaşdırmayacaqlar. Gələcəkdə həm daxili, həm xarici siyasətlə bağlı dialoq masasında müzakirələr aparıla bilər".
 
Əli Həsənov "söyüş kampaniyası"na da münasibət bildirərək qeyd edib ki, söyüş və təhqirdən istifadə edənlərə müxalifət demək olmaz: "İnsanlar var ki, Azərbaycanı müxtəlif səbəblərə görə tərk edib, hərə xarici ölkədə özünə bir vasitə ilə sığınacaq tapıb. Təəssüflər olsun ki, onlar anti-Azərbaycan dairələrin əlində alətə çevriliblər.
 
Anti-Azərbaycan dairələrin maliyyələşməsində erməni fondları da iştirak edir. Xarici ölkələrdə onlardan Azərbaycana qarşı çirkin formada istifadə edirlər. Bu, Azərbaycan millətinin adına ləkədir.
 
Düşünürəm ki, onlar nə vaxtsa Azərbaycan xalqına məxsus dəyər nümayiş etdirərək bu yoldan çəkinəcəklər. Əgər onlar xaricdə iaşə obyektlərində bu davranışları özlərinə həyat kredosu, fəaliyyət nümunəsi seçiblərsə, qoy fəaliyyətlərini davam etdirsinlər. Əlbəttə ki, sağlam düşüncəli Azərbaycan vətəndaşları onlara nifrət edir".
 

Şərhlər