“Azərbaycan bu durumda əsgəri tədbirlər görməlidir" - Qafar Çaxmaqlı

25.01.2020 16:09     Siyasi reaksiya     3673

Ermənistan son 30 il ərzində Azərbaycan torpaqlarının işğalını davam etdirməklə yanaşı, bütün vasitələrlə xalqımızın tarixi, mədəni, musiqi və mətbəx irsinə qarşı təcavüz və qəsbkarlıq siyasəti yürütməkdədir.

Ermənistanın Azərbaycan torpaqlarının işğalını cidd-cəhdlə rəsmiləşdirməyə çalışdığı, bunun üçün bütün vasitələrə əl atdığı hər kəsə məlumdur. Son vaxtlar Dağlıq Qarabağdakı qondarma rejimin işğal edilmiş Azərbaycan ərazilərində qalan tarix mədəniyyət abidələrini bir-birinin ardınca erməniləşdirməyə və ya farslaşdırmağa cəhd etdiyi barədə yayılan xəbərlər bunu bir daha təsdiqləyir.

Belə ki, ermənilər Şuşadakı məşhur “Gövhərağa” məscidini İran arxitektorlarının köməyi ilə “fars məscidi” kimi restavrasiya edəndən sonra bu dəfə tarixi Şuşa qalasının restavrasiyasına başladıqlarını elan ediblər. Ermənilər indi də Şuşa qalasını restavrasiya adı altında özününküləşdirməyə çalışır, məşhur “Gövhərağa” məscidini ardınca Şuşa qalasının da ermənisayağı restavrasiyasına hazırlıq gedir. Azərbaycanın tarixi bölgəsindən izini bu şəkildə silməyə çalışırlar. Erməniləri əlbəttə ki, Şuşanın gerçək tarixini yaşatmaq yox, onu “özününküləşdirmək” maraqlandırır.

 

Məsələ ilə bağlı Reaksiya.az – a danışan ermənişünast alim Qafar Çaxmaqlı bildirdi ki, “Erməni işğalı nəticəsində istər Dağlıq Qarabağda, istərsə də onun ətrafında olan Azərbaycan rayonlarında bu illər ərzində beynəlxalq hüquqa zidd olaraq məskunlaşma siyasəti həyata keçirilmiş, işğal altında olan ərazilərinin infrastrukturunda dəyişikliklər həyata keçirilmişdir. Bunu ATƏT-in faktaraşdırıcı missiyası da təsdiq etmişdir. Bu məsələ ilə bağlı  Azərbaycanın ayrı- ayrı zamanlarda etirazları olsa da Ermənistan öz işindədir, ərazidə demoqrafiq durum dəyişdirilmişdir, halbuki Dağlıq Qarabağda danışıqlar başa çatmayana qədər ermənilərin buna ixtiyarı yoxdur. “

Qafar Çaxmaqlı həmçinin qeyd edib ki ," ermənilər bu aralar özlərini daha həyasız aparırlar. Qondarma qurumun qərarları ilə "programlar" həyata keçirirlər ki, bunun da əsas məqsədi bu ərazilərdən Türk izini silməkdir. Məscid və Azərbaycana aid digər abidələrdə aparılan "restavrasiya" da bu məqsədlə edilməkdədir. Artıq hər kəsə bəllidir ki, Dağlıq Qarabağın işğaldan azad olunması üçün aparılan danışıqlar nəticə verməyəcək və bu Ermənistan rəsmilərinin bəyanlarında açıq şəkildə öz əksini tapmışdır." 

O, qeyd edib ki,  “Ermənilərin torpaqlarımızı qaytarmaq fikri yoxdur. Heç bir basqı, təsir onları bu fikirdən döndərməyəcək.”

“Azərbaycan bu durumda əsgəri tədbirlər görməlidir. Mənim mövqeyim neçə illərdir bu yöndədir ki, torpaqlarımızı azad etmək üçün tədbirləri hazırlanmalıdır. Bunun bir hissəsi ictimaiyyətə açıq olmalıdır, bir hissəsi isə məxfi saxlanmalıdır. Təbii ki, bu kiçik bir açıqlamanın mövzusu deyildir, onun incə detalları vardır, savaşın gərəkdirdiyi məqamları vardır. Bu ciddi və nəticə alınmasını qarantiləyən bir siyasətlə edilə bilər. – deyə Qafar Çaxmaqlı bildirib.

 

Rəsmiyyə Allahverdiyeva

Reaksiya.az

Şərhlər