Prezident yeni hökumətin hədəfini açıqladı

25.01.2020 17:50     Siyasi reaksiya     3469

Azərbaycanın yeni hökuməti əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək. Buna görə də bizim iqtisadi artımımız əhalinin artımına uyğun gəlməlidir.

 Prezident İlham Əliyev bunu Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında deyib.

Moderatorun “Həyatlarının yaxşılaşdırılmasını istəyən azərbaycanlılar üçün Siz yeni hökumətin onlara nələr verəcəyinə ümid edirsiniz, onlar növbəti bir və ya iki ildə hansı fərqləri müşahidə edəcəklər” sualını cavablandıran dövlətimizin başçısı müstəqillik illərində Azərbaycanda əhalinin sayının 7 milyondan 10 milyona qədər artdığını, artımın hər il 100 min nəfərdən çox olduğunu diqqətə çatdırıb. “Bu isə o deməkdir ki, bizə ən azından ildə 100 min iş yeri lazımdır. Bu, asan deyil. Buna görə də hökumət bu məsələ ilə məşğul olacaq. Biz yoxsulluğu bugünkü səviyyədə - 5 faizdən aşağı səviyyədə saxlamağa çalışacağıq. Həmçinin bizim birbaşa xarici borcun azaldılması ilə bağlı uzunmüddətli strategiyamız var. Bu gün bu borc çox aşağıdır, ümumi daxili məhsulun 17 faizini təşkil edir. Lakin bizim hədəfimiz onu ümumi daxili məhsulun 10 faizinə qədər endirməkdir”, - deyə dövlətimizin başçısı bildirib. Hökumətin inflyasiyanı aşağı səviyyədə saxlamaq üzərində də işləyəcəyini deyən Azərbaycan Prezidenti qeyd edib ki, insanların gəliri həmişə inflyasiyanı üstələməli, habelə yaradılan yeni iş yerləri demoqrafik artımdan daha çox olmalıdır.

Xatırladaq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar sayəsində son 16 ildə Azərbaycanda 2,2 milyondan çox yeni iş yeri yaradılıb, orta əməkhaqqı 7,5 dəfə, minimum pensiya isə 10 dəfə artıb. Təkcə 2019-cu ildə iki böyük sosial paket reallaşdırılıb. Minimum əməkhaqqı 93 faiz, minimum pensiya 72 faiz, sosial müavinət və təqaüdlər orta hesabla iki dəfə artırılıb. Bu və digər tədbirlər ümumilikdə 4,2 milyondan çox vətəndaşı əhatə edib. Sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması Azərbaycan dövləti üçün prioritet olaraq qalmaqdadır.

Son dövrlərdə vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsaitin daxil olması çox geniş sosial paketin həyata keçirilməsinə imkan yaradıb.(axar)

Reaksiya.az

Şərhlər