Moskvanın 5 bəndlik planı - Rusiya Qarabağ konfliktinin həllini istəyirsə...

05.03.2020 14:01     Siyasi reaksiya     6566

Kreml işğalçı Ermənistanın arxasından çəkilib neytral mövqe tutmayınca danışıqlarda irəliləyiş gözlənilmir; Moskvanın vasitəçilik missiyası də neytrallıq tələb edir...

Azərbaycan Ordusunun martın 2-də başlayan növbəti genişmiqyaslı komanda-qərargah təlimləri davam edir. Xəbər verdiyimiz kimi, sabah - martın 6-də yekunlaşacaq təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdirilməsi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunacaq.

Bu il həm də qardaş Türkiyə ilə müxtəlif qoşun növləri ilə ortaq təlimlərin keçirilməsi nəzərdə tutulur. Məlumdur ki, ötən il belə birgə manevrlərin sayı 13 olub. Müharibə şəraitinə maksimum yaxınlaşdırılmış fərdi və ortaq hərbi təlimlər isə heç şübhəsiz, silahlı qüvvələrimizin döyüş hazırlığını bir qədər də artırmış olacaq. Əməliyyatlar olmasa da, işğalçı Ermənistana hərbi faktorun təzyiqi və təhdidi güclənəcək. Azərbaycan danışıqlar masası arxasında özünü daha inamlı və güclü hiss edəcək.

Təsadüfi deyil ki, son təlimlər də Ermənistanda narahatlıq yaradıb. Həm də o səbəbə ki, düşmən tərəf belə təlimlər vasitəsilə Azərbaycanın döyüş bölgəsinə böyük arsenal yığmaqla məşğul olduğunu ehtimal edir. Bu xüsusda erməni hərbi ekspert Van Ambarsumyan Azərbaycan ordusunun təlimləri fonunda Paşinyan iqtidarını ordunu ən yüksək hazırlıq səviyyəsinə gətirməyə çağırıb. O, hətta bu təlimləri Azərbaycanın hərbi səfərbərliyi kimi qələmə verib.

Ambarsumyanın sözlərinə görə, Azərbaycan həmişə öz hərəkətlərinə gözlənilməzlik faktoruna üstünlük verib və Ermənistan hər an hücuma hazır olmalıdır. “Ermənistan rəhbərliyi başa düşməlidir ki, istənilən müharibə rezervlərin səfərbər edilməsindən başlayır. Azərbaycan isə öz qüvvələrini məharətlə gizlədərək və maskalayaraq öz ehtiyatlarını cəlb etməyi bacarır”, - deyə o qeyd edib. Erməni ekspert hərbi təlimlərdə “Polonez” tipli reaktiv yaylım atəş sistemlərinin istifadə olunmasına da diqqət yönəldib.

Erməni ekspert daha sonra Azərbaycanın sərhədində yerləşən Tavuş əyalətinin Voskepar kəndini atəşə tutduğunu iddia edərək ehtiyatlı olmağa çağırıb. “Azərbaycan həmişə Rusiya ətrafındakı gərgin situasiyadan istifadə edərək təlimlərə başlayır. Eyni siyasəti biz Ukraynadakı hadisələrin qızışdığı dövrdə müşahidə edə bilərik”, - deyə o əlavə edib.

Bu yerdə xatırladaq ki, Van Ambarsumyan  ötən il Azərbaycan Ordusunun İrəvana qədər gedəcək gücdə olduğunu söyləmişdi.

*****

Əlbəttə ki, Rusiya Ermənistana havadarlıq eləməsə və Qarabağ məsələsinə neytral qalmağa zəmanət versə (ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Moskva belə mövqe tutmağa, sadəcə, borcludur), o zaman ordumuz İrəvana qədər gedib çıxar, hələ o tərəfə də keçər.

Ancaq Azərbaycan dövləti marionet Ermənistandan fərqli olaraq, həmişə beynəlxalq hüquqa sayğılıdır. Bizi yalnız işğalçı qüvvələri Dağlıq Qarabağ da daxil olmaqla, bütün torpaqlarımızdan çıxarıb öz ərazi bütövlüyümüzü təmin eləmək maraqlandırır. Ermənistan ərazisinə girmək nə Azərbaycanın, nə də Türkiyənin planında və marağında ola bilməz - əgər Ermənistan buna açıq-aşkar motiv və təhrik yaratmasa.

Əks halda, buna lüzum qalmır. Daha bir səbəbə: Ermənistan KTMT-nin - “Rus NATO-su”nun üzvüdür və Rusiyanın təhlükəsizlik çətiri altındadır. Azərbaycan və Türkiyə isə Rusiya ilə hərbi toqquşmaya getməz. Elə Rusiya da bunda maraqlı deyil. Etibarsız, daima Rusiyanın dotasiyaları və yardımları hesabına yaşayan erməni toplumuna görə Moskva regionun iki əsas dövləti ilə niyə üz-üzə gəlsin ki?..

*****

Kamran Rüstəmov ile ilgili görsel sonucu

Rusiyadan söz düşmüşkən, bu arada 1991-92-ci illərdə Azərbaycan Respublikasının humanitar məsələlər üzrə dövlət müşaviri olan Kamran Rüstəmov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduqca maraqlı faktlar açıqlayıb. O bildirib ki, 1992-ci ilin aprel ayında Rusiyanın o zamankı prezidenti Boris Yeltsinin tapşırığı ilə Moskvadan Bakıya nümayəndələr gəlib. Axar.az-a danışan professor Kamran Rüstəmov qeyd edib ki, hərbi təyyarə ilə təcili şəkildə Bakıya gələn rusiyalı rəsmilərin məqsədi Qarabağ münaqişəsini həll etmək olub.

“Axşam tərəfi Yeltsinin siyasi məsələlər üzrə köməkçisi Konstantin Borovoy və Rusiyanın xarici işlər nazirinin köməkçisi Ednan Ağayev gəldi. Onlar vacib bir məsələ ilə bağlı gəldiklərini dedilər. Əvvəlcə Borovoy danışmağa başladı. Dedi ki, biz şəxsən Boris Nikolayeviç Yeltsinin istəyi ilə buradayıq: ”O (Boris Yeltsin - red.) Azərbaycanın ərazi bütövlüyünün bərpasını, Qarabağ məsələsinin birdəfəlik həll olunmasını istəyir. 14 mayda MDB-nin qurultayında bu məsələ müzakirəyə çıxarılıb, öz həllini tapmalıdır». Bu arada Ednan Ağayev dilləndi: “Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində müxtariyyət veriləcək. Sizdən, sadəcə, müvafiq sənədin tərtib olunması tələb olunur”. Borovoy dedi: “Siz ən qəti istəklərinizi belə qeyd edə bilərsiniz. Biz zəmanət veririk ki, sənəd Ermənistan tərəfindən söz-söhbətsiz təsdiq olunacaq. Artıq hər şey müzakirə olunub”, - deyə sabiq dövlət müşaviri qeyd edib.

Onun sözlərinə görə, bundan sonra təcili surətdə Qarabağla bağlı sənədin hazırlanmasına başlanılıb: “Nəhayət, 6 saatlıq çalışmadan sonra 5 maddədən ibarət sənəd hazır oldu. Sənəd aşağıdakı kimi idi: ”1. Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində müxtariyyət verilir. 2. Hərbi kontingent Rusiya və Azərbaycanın daxili qoşunlarının köməkliyi ilə Qarabağdan çıxarılır. 3. Qarabağ milisində ancaq yüngül odlu silahlar (tapançalar) saxlanılır. 4. Azərbaycan qaçqınlarının Qarabağa qaytarılması və təhlükəsizliyi təmin olunur. 5. Dağlıq Qarabağda azad iqtisadi zona yaradılır. Xarici biznesmenlər dəvət olunur və yeni iş yerləri açılır".

Professor vurğulayıb ki, hazırlanmış sənəd müvafiq orqana təqdim olunub, lakin yekun nəticə əldə edilməyib: “Gecə saat 12-də sənəd hazır idi və biz onu müvafiq struktura təhvil verdik. Çox heyf ki, bu sənədin sonrakı aqibəti sirr olaraq qaldı. Bu cür imkan əldən verildi”.

*****

Azərbaycanın xeyrinə olan və beynəlxalq hüquqa söykənən bu sənədin yekun nəticəyə gətirməməsi haqda konkret nəsə söyləmək mümkün olmasa da, dəqiqliklə onu demək olar ki, Kremldə erməni çevrələrinə bağlı hansısa qüvvə, gözəgörünməz əl bu anlaşmanın həyata keçməsini əngəlləyib. Hər halda, sonrakı illər rəsmi Moskva Dağlıq Qarabağ konfliktinin birdəfəlik həllində maraqlı olmadığını bariz şəkildə ortaya qoyub.

Bunu da yada salaq ki, 1998-ci ildə, Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyan konfliktin mərhələli həllinə (Dağlıq Qarabağın yekun statusu qeyri-müəyyən vaxta saxlanılırdı) tərəfdar olduğu üçün məhz o vaxtkı rusiyayönlü baş nazir Robert Köçəryan tərəfindən devrilmişdi. Xatırladaq ki, onda da Rusiyanın prezidenti Boris Yeltsin idi.

Sözü ona gətiririk ki, Rusiyanın vassalı olan Ermənistan əslində Qarabağ məsələsində ciddi söz sahibi deyil. Onun sözünü Moskva deyir. Yəni Rusiya istəsə ondan hər mənada asılı olan satellit Ermənistana təzyiq eləməklə qısa zamanda konfliktin həllində ciddi dönüşə nail ola, müharibə riskini aradan qaldıra bilər. Əfsus ki, Rusiyada prezidentlər dəyişsə də, Yeltsini Putin, Putini Medvedyev, Medvedyevi isə yenə Putin əvəzləsə də, “Qarabağ yükü” hələ də öz köhnə yerindədir.

Problemin dinc həllində əsas olan da heç şübhəsiz ki, öz üzərinə vasitəçilik rolu götürmüş ölkələrin qərəzsiz, səmimi olması və beynəlxalq hüquqa hörmət etməsidir. İşğalçıya işğalçı kimi baxmasıdır. Azərbaycan dövlətinin tək istəyi bu. Çünki yalnız o halda regionun ən köhnə, eyni zamanda ən təhlükəli münaqişəsi danışıqlar yolu ilə tarixin arxivinə verilə bilər.

Qiymətli zaman gedir və hər keçən ay, il təəssüf ki, böyük sülh anlaşmasının şansını azaldır. Demək ki, müharibə ehtimalı artır. Bunu görmək üçün diplomat və ya siyasətçi olmağa lüzum yoxdur. Danışıqları imitasiya dövrü artıq bitib. Danışıqları imitasiya əslində danışıqların özünə zərbədir və dinc nizamlanmaya olan inamı daha da sarsıdır. Belə nəticəsiz və mənasız danışıqları dayandırıb real danışıqlara keçmək daha məntiqli olardı...(musavat)

Reaksiya.az

Şərhlər