Kaspşik: “Şərtlər imkan verən kimi monitorinqlər davam etdiriləcək”

17.06.2020 14:52     Siyasi reaksiya     2141

“Monitorinq fəaliyyəti və üz-üzə görüşlər istisna olmaqla, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin Ofisi öz işini davam etdirir. Daha çox videokonfranslara və digər texniki vasitələrə etibar edirik”.

APA-nın xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan mətbuatına müsahibəsində deyib.

Monitorinqlərin yeni növ koronavirus (COVID-19) pandemiyasına görə dayandırıldığını xatırladan A. Kaspşik bildirib ki, onlar regiondakı vəziyyəti izləməyə davam edirlər, tərəflərlə əlaqə saxlayırlar, ATƏT sədrliyi və Minsk Qrupunun həmsədrlərinə, habelə ATƏT-ə üzv dövlətlərə hesabat verirlər: “Vəziyyət imkan verən kimi fəaliyyətimizi tam şəkildə bərpa etməyi planlaşdırıram. Bildiyiniz kimi, hazırda mənim mandatım daxilində olan ərazilərə ziyarət etmək mümkün deyil. Bununla belə, hərbi və mülki səviyyədə olan səlahiyyətli şəxslərlə davamlı telefon əlaqəsi saxlayıram. Həm də Minsk Qrupunun həmsədrləri tərəfindən mütəmadi olaraq keçirilən telekonfranslarda iştirak edirəm. Məhdudiyyətlərə baxmayaraq, son bir neçə ayda öz işimlə məşğul olmağa davam etmişəm! Şərtlər imkan verən kimi Ofisim genişmiqyaslı monitorinqi davam etdirəcək”.

 

O, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin Ofisinin genişləndirilməsi məsələsinə də toxunub. A. Kaspşikin sözlərinə görə, 2016-cı ildə Vyanada və Sankt-Peterburqda keçirilən Zirvə görüşlərində Ofisin genişləndirilməsi ideyası prinsipcə qəbul olunub, lakin bu genişlənmə ilə bağlı şərtlər razılaşdırılmalıdır.

O, hər hansı bir insident baş verən zaman tərəflərlə əlaqə saxladığını, ATƏT sədrliyi və Minsk Qrupunun həmsədrlərini bu barədə məlumatlandırdığını da qeyd edib.

“Araşdırmalar aparmaq səlahiyyətimin olmadığını xatırlamaq vacibdir. Etimad yaradacaq tədbirlər mənim mandatımın əsas hissəsini təşkil edir. Ümid edirəm ki, insanlar arasındakı təmaslar etimad yaratmağa və münasibətləri bərpa etməyə kömək edə bilər. Tərəflərin istəyi və COVID-19-la bağlı vəziyyət buna imkan verəcəyi halda, etimad yaratma tədbirlərinin daha da inkişaf etdirilməsinə kömək etməyə sadiq qalıram. Mən yalnız tərəfləri razılıq verdikləri halda, etimad yaradan tədbirlərin inkişaf etdirilməsinə cəsarətləndirə və kömək edə bilərəm. Xüsusi etimad yaradacaq tədbirlərin inkişafına dəstək vermək üçün ATƏT sədrliyi və Minsk Qrupu həmsədrləri ilə əlaqə saxlayıram”, - deyə A. Kaspşik vurğulayıb.

Reaksiya.az

Şərhlər