“Türkiyənin dövlət maraqları rəsmi Moskvanın hədəfləri ilə üst-üstə düşmür” - POLİTOLOQ

19.10.2015 12:06     Siyasi reaksiya     3035

"Türkiyənin beynəlxalq terrorizm problemləri ilə bağlı narahatlıqlarını anlayırıq. Lakin PKK və PYD nə Rusiya, nə də Birləşmiş Millətlər Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatı kimi tanınır".

Bu sözləri Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov  "Ria Novosti"yə  açıqlamasında söyləyib. Karlov Suriya və İraqda həyata keçirdikləri əməliyyatları  həmin ölkələrin  rəhbərlikləri ilə razılaşdırdıqlarını, lakin PKK-nın Suriya qolu  PYD  ilə də əməkdaşlıq etdiklərini bildirib.

Karlovun bu açıqlaması, Rusiya ilə Türkiyə arasındakı münasibətlərin sərinləşdiyini deməyə əsas verir. Az əvvəl Türkiyə-Rusiya münasibətlərinin istiləşməyə doğru getdiyini müşahidə etsək də qəfildən vəziyyətin bu cür dəyişməsi gözlənilməz oldu. Rusiya prezidenti Vladimir Putinin, daha sonra isə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Rusiyaya səfəri olmuşdu. Lakin Rusiyanın Suriyada İŞİD-lə mübarizədə aktiv müdaxiləsindən sonra ölkələr arasındakı münasibətlər gərginləşməyə doğru getdi. Hətta bəzi mənbələr iddia edir ki, iki prezident arasında baş tutan telefon danışığı zamanı Putin Ərdoğanı acılayıb. Və bunun qarşılığında da Ərdoğan bir daha Putinlə telefon əlaqəsi qurmayacağını bildirmişdi.

Reaksiya.az qonşu ölkələr arasında münasibətlərin bu cür gərginləşməsinin pərdəarxası səbəblərini, hadisələrin bundan sonra hansı istiqamətdə dəyişəcəyini və bu münasibətlərin Azərbaycana hər hansı təsirinin olub-olmayacağını araşdırıb.

Politoloq, Türkiyə məsələləri üzrə ekspert Vüqar Zifəroğlu məsələyə və suallara ətraflı şərh verib.

Politoloq ilk əvvəl Rusiya-Türkiyə münasibətlərinin istiləşməsi ilə bağlı deyilənlərə heç zaman ciddi yanaşmadığını bildirib: “Nə "Türk axını" ideyası, nə Moskvadakı məscid açılışında Türkiyə prezidentinin iştirakı hər iki ölkə arasında mövcud olan ciddi fikir ayrılıqlarını aradan qaldırmaq iqtidarında olmayıb. Türkiyə və Rusiya iki biri-birinə geosiyasi nöqteyi nəzərdən rəqib ölkələrdir və müəyyən lokal xarakterli iqtisadi maraqlar belə bu həqiqəti aradan qaldıra bilməz”. V.Zifəroğlu, həmçinin Rusiya-Türkiyə münasibətlərinin görünməyən tərəflərinə də geniş şəkildə aydınlıq gətirib: “Xatırlayırsınızsa, "Türk axını" layihəsindən sonra bir çoxları hər iki ölkənin az qala vahid siyasi xətt yeridəcəklərini açıqlayır, iqtisadi maraqların hər zaman siyasətin önünə keçdiyini vurğulayırdılar. Lakin unudurdular ki,

a) "Türk axını" iqtisadi deyil, siyasi hədəflərə yönəlik bir layihə idi və Türkiyə bu layihəyə qoşulmaqla ciddi şəkildə Qərbi özünə qarşı qaldıra bilərdi;

b) Türkiyə Qərblə nə qədər fikir ayrılıqlarına malik olsa belə, prinsipial məsələlərdə hər iki tərəf öz maraqlarını uzlaşdlırmağa məcburdur, çünki Türkiyə Qərbin təmsilçisidir, o, bir NATO ölkəsidir;

c) İran faktoru və Rusiyanın bölgədə məhz rəsmi Tehranı özünə daha yaxın müttəfiq kimi seçməsi, istər-istəməz Ankaranı kənarda qalmağa məcbur edir. İran Türkiyənin bölgədəki ciddi rəqiblərindən biridir;

d) Rusiyanın Yaxın Şərqdə öz maraqları var və bu maraqlar Türkiyənin maraq və hədəfləri tərs mütənasiblik təşkil edir, Suriya bunun ən bariz nümunəsidir;

e) Cənubi Qafqaz, eləcə də Ukraynada Türkiyənin dövlət maraqları rəsmi Moskvanın hədəfləri ilə üst-üstə düşmür, bu is prinsipial məqamdır.

Əslində bu bəndləri uzatmaq da olar. Bura kürd faktorunu, erməni məsələsini və s. daxil etməklə siyahını artıra da bilərik”.

Sonda ekspert iki qonşu ölkə arasındakı münasibətlərin ölkəmizə nə kimi təsiri olacağını açıqlayıb: “Təbii ki, hər iki ölkə arasındakı münasibətlər təsirsiz ötüşməyəcək və bu, təbiidir. Ölkəmiz qonşuları ilə səmimi dostluq və qonşuluq münasibətləri saxlamaqdadır. Hər halda hər iki ölkə ilə münasibətlərimizdə səmimiyik. Türkiyə bizə qardaş ölkə və strateji müttəfiqimizdir. Rusiya ilə isə bizi ortaq tarixi keçmiş və sıx iqtisadi-siyasi münasibətlər bağlayır. Bunu unutmaq olmaz”.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Türkiyə xarici işlər nazirliyinə çağırılıb. Və o, bu haqda belə deyib: "Bir neçə gün əvvəl məni  Türkiyə Xarici İşlər Nazirliyinə  dəvət etdilər. Biz ikitərəfli əlaqələrlə bağlı çoxlu məsələ müzakirə etdik. Bunların arasında Suriya  kürdləri məsələsi də vardı. Türkiyəli həmkarım bizim PYD ilə münasibətlərimiz məsələsində narahatlıqlarını dilə gətirdi”.

Rusiyalı səfir sonda İraq hökumətinin  istəyi və razılığı əsasında İraqdakı  Kürdüstan bölgəsinə silah daşıdıqlarını etiraf edib.

Şərhlər

Çox oxunanlar