Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 24 santimetr artıb

19.02.2018 12:21     Sosreaksiya     1311

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 130-240, Lənkəran-Astara zonası çaylarında 100-160, Naxçıvan Muxtar Respublikası çaylarında isə 180 faizini təşkil edir.

Fevralın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 211 kubmetr olmaqla ongünlük normanın 123 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 131 kubmetr təşkil etməklə ongünlük normanın 77 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 51 kubmetr olmaqla ongünlük normanın 72 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 66 kubmetr təşkil edərək ongünlük normanın 94 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10, Şirvanda 24, Salyanda 16, Bankədə 12, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 7 santimetr artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 362 (2017-ci il fevralın 19-da 484 sm), Şirvanda 247 (2017-ci il fevralın 19-da 367 sm), Salyanda 191 (2017-ci il fevralın 19-da 336 sm), Bankədə 191 (2017-ci il fevralın 19-da 244 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 santimetr (2017-ci il fevralın 19-da 208 sm) təşkil edir.

Reaksiya.az

Şərhlər