Millət vəkili Bursda Qarabağ həqiqətlərinin geniş təbliğindən danışıb - FOTOLAR

20.02.2018 12:26     Sosreaksiya     1350

Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı konfranslar vermək üçün Bursada olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Bursa valisi İzəddin Küçük ilə görüşüb.  Reaksiya.az-ın verdiyi xəbərə görə, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibova, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, Uludağ Universitetində Azərbaycanlı tələbələrin təmsilçisi, universitetin Proje Atolyesinin rəsmisi Solmaz İsmayılova da iştirak etdiyi görüş zamanı millət vəkili Q.Paşayeva Bursa valisinə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən vali İzəddin Küçük azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib.

Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik” –, deyə o bildirib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Bursa arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabında qədim Bursanın da yer aldığını bildirib.

“Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının gənclərdə sahib çıxmaq duyğusunu formalaşdırmaq niyyəti daşıdığını söyləyən millət vəkili “Gənclər bizim olanı tanımalı, ona sahiblənməyi bacarmalıdırlar. Bu sahiblənmə “mənim”, “sənin” yox, “bizim” şəklində olmalıdır”. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Bursada təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibova da tələbələrlə bağlı məsələlərdə valinin bundan sonra da hər zaman dəstək olacağına inandığını deyib. 

Millət vəkili Q. Paşayeva və Nəcibə Nəsibova 300-dən artıq azərbaycanlı tələbənin təhsil aldığı Uludağ Universitetinin rektoru Prof. Dr. Yusuf Ulcayla da görüşüblər. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, Uludağ Universitetində Azərbaycanlı tələbələrin təmsilçisi, universitetin Proje Atolyesinin rəsmisi Solmaz İsmayılova da iştirak etdiyi görüş zamanı Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ həqiqətləri ilə bağlı universitetdə tədbirlərin daha da artmasının vacibliyi və universitetdə təhsil alan tələbələrlə bağlı müzakirələr olub. Millət vəkili Q.Paşayeva həmçinin Bursanın millət vəkilləri ilə də görüşüb və geniş müzakirələr olub. Millət vəkili Q.Paşayeva həmçinin Bursada yaşayan və təhsil alan bir sıra azərbaycanlılarla da görüşüb, fikir mübadiləsi olub. Millət vəkili Azərbaycanın bu vilayətdə təbliği və Qarabağ həqiqətlərinin burada daha geniş yayımasında onların üzərinə böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıb.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar