Azərbaycan Ordusunun 100 illik yubileyinə həsr olunan yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

25.06.2018 13:24     Sosreaksiya     647

Müdafiə Nazirliyinin və Mətbuat Şurasının Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə elan etdiyi yazı müsabiqəsinin qaliblərinin iyunun 25-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində mükafatlandırılması mərasimi keçirilib.
 
AZƏRTAC xəbər verir ki, müsabiqənin məqsədi Azərbaycan Ordusunda həyata keçirilən genişmiqyaslı islahatların, qoşun növlərində və qisimlərində əldə olunan nailiyyətlərin, tətbiq edilən qabaqcıl təcrübənin, hərbi hissələrdə aparılan tikinti-quruculuq işlərinin, hərb işinin müxtəlif sahələrində qazanılan uğurların, eləcə də hərbi mövzuları əks etdirən digər məsələlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə ordu arasında əlaqələrin daha da genişləndirilməsini təmin etməkdir.
 
Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov tədbirdə çıxış edərək Silahlı Qüvvələrin 100 illiyi münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıblar.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı müsabiqə haqqında məlumat verib. Bildirib ki, müsabiqəyə 70-ə yaxın məqalə təqdim olunub.
 
Müsabiqəyə martın 30-dan iyunun 10-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc edilən yazılar buraxılıb. Təqdim olunan yazılarda üstünlük mövzunun dolğun əhatə edilməsinə, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyətinə, ifadə vasitələrinin zənginliyinə, oxucu üçün informativlik dərəcəsinə, müqayisəli təhlil üslubundan istifadəyə verilib.
 
Qeyd edilib ki, müsabiqəyə təqdim olunan yazılar diqqətlə yoxlanıldıqdan sonra qalib müəyyənləşdirilib.
 
Sonra qaliblər mükafatlandırılıb.
 
 
 

Şərhlər