Fədayə Laçın və digərlərinin məhkəməsində daha 50 nəfər dindirilə bilər

15.10.2018 12:04     Sosreaksiya     618

Müğənni Fədayə Laçın və həbs edilən digər şəxslərin məhkəməsi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə davam etdirilən prosesdə təqsirləndirilənlərdən Fuad Hacıyevin vəkili vəsatətlə çıxış edib.

Vəkil bildirib ki, ibtidai istintaq zamanı şahid kimi dindirilən şəxslər istintaq başa çatandan sonra cinayət işi materiallarında şahid kimi göstərilməyib.

Müdafiəçi şahidlərin məhkəməyə çağırılmasını və dindirilməsini istəyib. Məlum olub ki, həmin şəxslərin sayı 50 nəfərə yaxındır.

"Biz bu günə qədər gördük ki, məhkəmədə ifadə verən şahidlər fərqli sözlər dedilər. Onlar istintaqda belə danışmadıqlarını, ifadələrinin düzgün yazılmadığını dedilər. Mənim müdafiə etdiyim şəxsə ittiham verilib ki, guya o, məhbuslardan rüşvət alaraq qatarda onlara müəyyən imtiyazlar verib. Bu ittiham guya şahid ifadələri ilə təsdiq edilirdi. Amma məhkəmə istintaqında həmin şahidlər bunu inkar etdilər. Ona görə də məhkəməyə gətirilməyən şəxslər dəvət edilməli və dindirilməlidir".

Digər təqsirləndirilən şəxslər və onların vəkilləri vəsatətin təmin edilməsini istəyib.

Dövlət ittihamçısı isə məhkəmədən dindirilməsi istənilən 50-yə yaxın şəxsin istintaqdakı ifadəsi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi oktyabrın 22-də davam etdiriləcək.

Səs-küylü hadisə ötən il oktyabrın 23-də baş verib. Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Bildirək ki, mühafizə altından qaçan Əli Ağami həbs olunub, kriminal aləmdə "Qoca" ləqəbi ilə tanınan Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. "Qoca" ilə sevgi münasibəti olan müğənni Fədayə Laçın da ona kömək etdiyi üçün həbs edilib. Əli Ağami və "Qoca" adam öldürməyə görə həns edilmişdilər. Əli Ağami törətdiyi əmələ görə 19 il müddətinə azadlıqdan məhrum edilib(musavat)

Reaksiya.az

Şərhlər