“UŞAQ PULU” İLƏ BAĞLI SƏSLƏNDİRİLƏN TƏKLİFLƏRİN QƏBUL EDİLMƏSİ REAL GÖRÜNÜR

15.11.2018 15:37     Sosreaksiya     9502

"Uşaq pulu”nun az olması müzakirə mövzusuna çevrilsə də, bu müavinətin artırılması ilə bağlı real işlər görülməyib. Uşağın dünyaya gəlməsinə görə, eləcə də uşağa qulluq üçün aylıq verilən pulun məbləğinin qaldırılmasının vacibliyini bildirən bəzi deputatlar və ekspertlər hesab edirlər ki, hazırda verilən "uşaq pulu” körpənin ehtiyaclarını ödəmir.
 
Azərbaycanda hər dünyaya gələn uşağa görə ailəyə 100 manat civarında müavinət verilir. Bir dəfə verilən bu pul o qədər azdır ki, heç körpənin bir aylıq bezinin xərcinə kifayət etmir. Xarici ölkələrdə isə uşağa görə verilən müavinət xeyli yüksəkdir. Hətta ailələrdə uşaqların sayı artdıqca bu pulun da həcmi artır. Bundan əlavə, hökumət hər bir uşağa 18 yaşınadək müavinət verir.
 
Ukraynada ailədəki birinci uşağa görə ödənilən məbləğ 1800 dollar, ikinci uşağa görə 3750, üçüncü və ondan sonrakı uşaqlara görə 7140 dollar nəzərdə tutulur. Avropaya gəlincə, burada müavinətlər bizim üçün fantastik görsənə bilər.
 
Almaniyada doğulan ilk uşağa görə dövlət 194 avro aylıq yardım edir. Bu məbləğ ölkədə doğulan alman və xarici uşaqlara verilir. Eyni zamanda onlar üçün "Ailə kassası” deyilən bir hesab açılır. İki uşağı Almaniyada doğulan bir cütlük üçün Almaniya birdəfəlik 3136 avro yardım edir.
Aylıq uşaq pulu yardımına görə, siyahıda ikinci sırada Avstriya gəlir. Bu ölkə doğulan ilk uşağa 114 avro ilə 165 avro aylıq yardım edir. Bu ölkədə iki uşağı doğulan cütlüyə edilən birdəfəlik yardım isə, 3028 avrodur.
 
Üçüncü sırada 90 avro ilə Belçika gəlir. Bu ölkədə ilk doğulan uşağa verilən aylıq yardım 90 avro təşkil edir. İki doğulan uşağa görə isə, dövlət birdəfəlik 3028 avro yardım edir.
Dördüncü sırada ilk doğulan uşağa aylıq 66 avro ilə 94 avro arası yardım verən Hollandiya qərarlaşıb. Bu ölkədə iki uşağa görə verilən birdəfəlik yardım isə 3195 avrodur.
 
Beşinci sırada ilk doğulan uşağa aylıq 18.50 avro ilə 40 avro arası yardım verən Rumıniya gəlir. Bu ölkədə doğulan iki uşağa görə verilən birdəfəlik yardım 501 avro təşkil edir.
Avropa ölkələri sırasında ilk doğulan uşağa aylıq yardım verməyən ölkələr də var, Polşa, Kipr, Çex Respublikası, Fransa, Slovakiya, İtaliya, İspaniya kimi ölkələrdə iki uşağı doğulan ailələrə yalnız birdəfəlik yardım edilir.
 
Sovetlər Birliyi dönəmində əhali artımına nail olmaq üçün çoxuşaqlı ailələrə əlavə güzəştlər verilirdi. Məsələn, onlara avtomobil bağışlanır, növbədənkənar pulsuz mənzil və ya torpaq sahəsi verilir, "Qəhrəman ana"lar müxtəlif döş nişanları ilə təltif olunur, mükafatlandırılır, vaxtından öncə təqaüdə çıxarılırdı.
 
Azərbaycanda çoxuşaqlı ailələrə dövlət dəstəyi bu və ya digər normativ hüquqi aktlarda nəzərdə tutulsa da, ailə institutu üzrə aparılan araşdırmalar, təhlillər və eyni zamanda beynəlxalq praktika bu kateqoriyadan olan ailələrin hərtərəfli dəstəklənməsi üçün yetərli olmadığını göstərir.
Qeyd edək ki, Azərbaycanda uşaq pulları artımı ilə bağlı bir qrup valideyn imza toplayaraq, Milli Məclisə müraciət ərizəsi yazıb. Onların müraciətinə uyğun olaraq Azərbaycanda uşaqlara dövlət tərəfindən verilən aylıq müavinətin bərpa edilməsi, həmçinin birdəfəlik yardımın məbləğinin artırılması məsələsi 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı bir sıra deputatlar tərəfindən müzakirəyə çıxarılıb.
 
Sosioloq, professor Əhməd Qəşəmoğlunun sözlərinə görə, bizim ölkədə "uşaq pulu” rəmzi bir məbləğdir: "İndiki vaxtda "uşaq pulu” ilə uşaqların ehtiyaclarını ödəmək olduqca çətindir. Bizdə bu sahədə ciddi bir siyasət olmalı, "uşaq pulu” artırılmalıdır”.
 
Professorun sözlərinə görə, "uşaq pulu”nun qaldırılmasına ehtiyac olsa da, ucdantutma hamıya "uşaq pulu” vermək də düzgün deyil: "Elə ailələr var ki, onların maddi imkanları kifayət qədər çoxdur. Yəni onlara uşaq üçün gətirib "uşaq pulu” versən, onlar üçün bunun əhəmiyyəti olmayacaq. Amma kasıb ailə üçün maddi yardım ailələrində həlledici rol oynayar. Çalışmaq lazımdır ki, uyğun qurumlar bu haqda dəqiq məlumatlar əldə etsinlər və bu məlumat əsasında daha çox kasıb ailələrə "uşaq pulu” ayrılsın. "Uşaq pulu”nun verilməsi üçün daha çox ehtiyacı olanlar fərqləndirilsin və onlar yüksək səviyyədə "uşaq pulu” ilə təmin olunsun”.
 
İqtisadçı Elçin Bayramlı isə deyib ki, iqtisadi və maliyyə imkanlarına görə Azərbaycandan zəif olan əksər ölkələrdə birdəfəlik müavinət və aylıq "uşaq pulu” ödənilir. E.Bayramlının sözlərinə görə, Azərbaycanın dövlət büdcəsinin imkanları normal məbləğdə uşaq pulunun ödənilməsi üçün lazım olan məbləğdən dəfələrlə artıqdır. Ona görə də, bu təklifin qəbul edilməsi real görünür:
 
 
"Əslində bunu çoxdan etmək lazım idi, xeyli gecikmişik. Son illərdə azuşaqlı ailələrin sayı artıb, artıq ailələr 1, maksimum 2 uşağa üstünlük verirlər ki, burada əsas səbəb sosialdır - yəni maddi çatışmazlıqdır. Bu demoqrafik cəhətdən və milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə vacibdir.
 
Hazırkı vəziyyətdə birdəfəlik müavinətin başlanğıc üçün ilk uşağa görə 1000 manat, ikinci uşağa görə 3 min manat, 3-cü uşağa görə isə 5 min manat olmasına ehtiyac var. Aylıq müavinətin isə azı 16 yaşadək 100 manat məbləğində təyin edilməsi optimal olardı”.

Şərhlər

Çox oxunanlar