Sergey Lebedev: “Əliyevin xatirəsi bütün MDB-də anılır “

11.12.2018 16:39     Sosreaksiya     782

Çərşənbə günü, dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə günüdür. Onun vəfatından artıq 15 il ötür, ancaq Rusiyada bu gün də onun xatirəsini dərin hörmətlə yad edirlər.

Bu fikirlər “Vestnik Qafqaz”ın ulu öndərin vəfatının 15-ci ildönümü ilə bağlı dekabrın 10-da Azərbaycanın Rusiyadakı səfirliyində keçirilmiş tədbirdən hazırladığı reportajda öz əksini tapıb. Mərasimdə ulu öndəri şəxsən tanıyan insanlar, yaradıcı insanlar, ziyalılar tanınmış siyasətçilər və ictimai xadimlər iştirak edib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbir iştirakçılarına dəvəti qəbul edib gəldikləri üçün minnətdarlığını bildirib: “Bu gün bura toplaşanlar Heydər Əliyevi şəxsən tanıyan, onunla dəfələrlə görüşən insanlardır. Burda elə insanlar var ki, onlar bütün bu 15 il ərzində səfirlikdə Heydər Əliyevlə bağlı keçirilən tədbirlərdə iştirak edirlər.

Siz bilirsiniz, mən bunu demişəm, ancaq yenə də təkrar etmək istəyirəm ki, 15 il çox sürətlə keçdi. Heydər Əliyevin 15 ildir bizimlə bir yerdə olmadığına inanmaq çox çətindir”.

Polad Bülbüloğlu qeyd edib ki, Heydər Əliyevin bioqrafiyasında cəmi iki mədəniyyət nazirinin olması, onlardan birinin Azərbaycanın Rusiyadakı hazırkı səfirinin olması ilə fəxr edir: “Sovet zamanında nazir Zakir Bağırov idi. Ancaq Azərbaycanın müstəqil olduğu dövrdə bu vəzifəni mən daşımışam. Bu, kifayət qədər çətin dövr idi. Çünki Sovet İttifaqının dağılmasından sonra respublika qonşu ölkənin təcavüzü ilə təkbaşına qalmışdı. Əlaqələri, o cümlədən beynəlxalq əlaqələri qurmaq, öz suverenliyini bəyan etmək lazım idi. Çətin dövrdə Heydər Əliyevin birbaşa rəhbərliyi altında Azərbaycanın çiçəklənən ölkəyə çevrilməsi üçün hər şey edilirdi”.

Rusiyanın Şimali Qafqaz üzrə Nazirliyinin rəhbəri Sergey Çebotaryev çıxışı zaman bildirib ki, o və həmkarları uzun zaman ərzində ildə iki dəfə – may və dekabr aylarında səfirliyə gəlməyi özləri üçün şərəf hesab edirlər. Bu ziyarətlərdən biri Heydər Əliyevin doğum, digəri isə böyük insanın xatirə günü ilə bağlı olur.

“O, Sovetlər İttifaqı zamanı Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü kimi Sovet İttifaqının daxili siyasətinin əsas istiqamətlərinə, xüsusilə Baykal-Amur Magistralının inşasına məsul idi. Mən özüm Uzaq Şərqdənəm, bunun nə demək olduğunu bilirəm. Sovet İttifaqı süqut etdikdən sonra – 1990-cı illərdə Rusiyada bu layihəni pisləməyə başladılar. Amma zaman – müasir dövr sovet hökumətinin və Heydər Əlirza oğlunun qərarının necə müdrik olduğunu göstərir. O insan gələcəyə necə strateji baxırdı! İndi BAM-a yenidən böyük sərmayə yatırılır. BAM müasirləşir, məhz bu kommunikasiya yolu Uzaq Şərqin və bütün Rusiyanın iqtisadiyyatının inkişafına kömək edir”, – deyə nazir vurğulayıb.

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev “Vestnik Qafqaz”ın müxbirinə Heydər Əliyevlə Bakı və Moskvada dəfələrlə görüşdüyü üçün özünü xoşbəxt hiss etdiyini bildirib:

“Mən MDB İcraiyyə Komitəsinin sədri kimi demək istəyirəm ki, Heydər Əlirza oğlunun xatirəsi bütün MDB məkanında anılır. Rusiyadakı Azərbaycan diasporunun, MDB ölkələri səfirliklərinin nümayəndələri ildə iki dəfə, may və dekabr aylarında Azərbaycan xalqının – həm də təkcə Azərbaycan xalqının yox – böyük oğlunun xatirəsini anmaq üçün bir yerə toplaşırlar. Bu məşhur və böyük dövlət xadiminə Sovet İttifaqında hörmət edirdilər”.

Rusiya Prezidentinin Xəzər regionu ölkələri ilə humanitar və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov Heydər Əliyevin Sovet İttifaqının inkişafında görkəmli rol oynadığını xatırladıb. O qeyd edib ki, Heydər Əliyev Sov.İKP MK-nın baş katibi olsaydı, – hansı ki, bunun üçün bütün şansları var idi – SSRİ-nin dağılması baş verməzdi: “Əlbəttə, Heydər Əlirza oğlu müasir Azərbaycan dövlətinin qurucusudur. Özü də ən çətin dövrlərdə Azərbaycan dövlətinin qurucusudur, hərçənd onun həyatının asan dövrü olmayıb. Mən hesab edirəm ki, hazırda bu işi – dövlət quruculuğu işini çox keyfiyyətlə İlham Heydər oğlu davam etdirir. O, Azərbaycanın müasir simasının inşası üçün çox şeylər edib”.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Heydər Əliyevin yoxluğunun təkcə Azərbaycan xalqı üçün deyil, həm də onu Rusiyada və dünyanın digər yerlərində tanıyanların hamısı üçün faciə olduğunu vurğulayıb:

“Çünki Heydər Əliyev təkcə respublika miqyaslı fiqur deyildi, təkcə öz Vətənini sevən, onun tarixdə qalması üçün hər şeyi edən azərbaycanlı deyildi. Həm də böyük ölkənin – Sovet İttifaqının siyasətini bir çox cəhətdən müəyyən edən insan idi”.

Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov bildirib ki, Moskva və Bakı arasında sıx dostluq münasibətləri həmişə olub: “Mən əminəm ki, bu, yaxın strateji gələcəkdə də belə olacaq, inkişaf edəcək və möhkəmlənəcək. Biz bunu federal hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyətdə, müxtəlif investisiya və iqtisadi layihələrin həyata keçirilməsində görürük. Ona görə də mən hesab edirəm ki, Rusiya ilə Azərbaycan, Moskva və Bakı strateji tərəfdaşdır. Və bu strateji tərəfdaşlıq əbədidir”.

Reaksiya.az

Şərhlər