Deputat AŞPA-da ittiham yağdırdı

24.01.2019 12:06     Sosreaksiya     689

Bilirsiniz ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalı minlərlə insanın öz sağlamlığını itirməsi Azərbaycanda əlilliyi olan şəxslərin sayının artmasında böyük rol oynayıb.

Bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva AŞPA-da “İşəgötürmədə ayrı-seçkilik”, “Əlilliyi olan inklüziv işçi qüvvəsi üçün” adlı qətnamə layihələrinin müzakirəsi zamanı deyib. Millət vəkili çıxışında AŞPA-da Ermənistanın işğalı nəticəsində əlil olan minlərlə azərbaycanlıdan danışıb və Avropa təşkilatlarını Ermənistanın işğalçılıq siyasətini durdurmaq üçün addımlar atmamaqda ittiham edib:

“Dəyərli həmkarlar, əvvəlcə çox önəmli bir mövzuya məruzəni yüksək səviyyədə hazırladığına görə məruzəçini təbrik edirəm. Bütün üzv ölkələr əlilliyi olan şəxslərin təhsili, onların işlə təminatı istiqamətində çalışmaları daha da artırmalıdır. Əlilliyi olan şəxslərin təhsili, onların hər hansı bir peşəni yüksək səviyyədə öyrənməsinə dəstək proqramları gücləndirilməlidir. Bu onların işlə təminatını asanlaşdıran başlıca faktorlardan biridir. Məruzədə üzv ölkələrə edilən çağırışları dəstəkləyərək bu mövzuların Azərbaycanda xüsusi diqqət mərkəzində olduğunu vurğulamaq istəyirəm. Əlilliyi olan şəxslərin təhsili, işlə təminatı, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində həm qanunvericilik, həm də hökumət səviyyəsində ciddi addımlar atılır. Azərbaycanda on minlərlə insan bir neçə il ərzində öz sağlamlığını itirərək əlilə çevrilib”.

Millət vəkili vurğulayıb ki, əlillərin işlə təminatı üçün qanunvericilikdə bir sıra önəmli dəyişikliklər həyata keçirilib:

“Belə ki, dövlət və özəl sektor olmasından asılı olmayaraq, hər 25 işçidən birinin əlil olması, əlillər üçün həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı qanunlarda öz əksini tapıb, işəgötürənlərin üzərinə ciddi məsuliyyət qoyulub. İşçilərin sayı və ştatı ixtisar edilərkən ixtisas dərəcəsi eyni olduqda həmin müəssisə və təşkilatda əmək şikəstliyi almış və peşə xəstəliyi nəticəsində əlil olmuş işçilərin işdə saxlanmaq üçün üstünlük hüququ var. Məşğulluq haqqında qanun və proqramlarda da əlillərin işlə təminatı məsələsi ən önəmli prioritetlərdəndir”.

Deputat qeyd edib ki, hər il Qarabağ müharibəsi əlilləri də daxil olmaqla, yüzlərlə əlilə dövlət tərəfindən pulsuz mənzil verilir:

“Məruzədə üzv ölkələrə edilən çağırışlar arasında bu mövzuda əhalinin maarifləndirilməsi, təbliğatın rolu xüsusi vurğulanır. Bunu dəstəkləyirik. Doğurdan da əlillərin əmək bazarında iştirakının təşviqində qeyri-hökumət təşkilatlarının oynadığı önəmli rolu nəzərə alaraq, bu cür təşkilatların maliyyə vəsaiti ilə dəstəklənməsi artırılmalıdır. Azərbaycan məruzədə qeyd olunan bu məsələyə xüsusi diqqət yetirir. Əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatları yaradaraq əlillərlə bağlı çalışması dəstəklənir. Eyni zamanda, əlillərin yaratdığı təşkilatların və əlillərlə bağlı layihələr həyata keçirən təşkilatların fəaliyyətinə maliyyə dəstəyi göstərilir. Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurası, Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsi ilə hər il əlillərlə bağlı yüzlərlə layihənin həyata keçirilməsi üçün qeyri-hökumət təşkilatlarına dəstək göstərilir”.

 

Şərhlər