Bakıya qarşı şəbəkə oyunu: Hədəf “balta”ya nail olmaqdır ki...

05.02.2019 12:26     Sosreaksiya     732

Son günlərdə sosial media resurslarından sui-istifadə hallarının, şayiə yönümlü və dezinformasiya xarakterli məlumatların yayılması hallarının nisbətən çoxaldığı müşahidə olunur.

Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib. O bildirib ki, ayrı-ayrı fərdi şəxslərə məxsus sosial media hesablarından mənasız, qeyri-qanuni video materiallar və dezinformasiyalar paylaşılır:

“Açıq-aşkar görünür ki, kimlərsə azərbaycandilli sosial media seqmentinə bu tip məlumatları sızdırmaqla ictimai fikri bu istiqamətə yönləndirmək istəyir. Bu tip addımların da bir qayda olaraq xaricdən atıldığı müşahidə olunur. Kimlərsə çalışır ki, bu tip zərərli informasiyalar ətrafında müzakirələr açılsın, ictimai-sosial qruplar buna münasibət bildirsinlər.

Çox güman, xaricdə də elə qruplar var ki, onlara bəzi ölkələrdə olduğu kimi, ölkəmizdə də sosial mediaya qarşı hökumət tərəfindən “balta” metodu tətbiq olunması lazımdır. Deputatlar bu məsələni növbəti dəfə müzakirəyə çıxarıblar. Sosial medianı kökündən “baltalayan” ölkələrin üzləşdiyi problemlər hamımıza məlumdur.

Düşünürük ki, dezinformasiyalarda məqsəd həm də sosial medianın Azərbaycan seqmentini gözdən salmaq, mənasız müzakirələrə yönəltmək, parlamentin diqqətini zərərli kontentə yönəltməklə daha sərt tədbirlərə rəvac vermək ola bilər.

Bizim hər birimizin, həmçinin də cəmiyyətimizin və dövlətimzin sosial mediaya, internetə daha çox ehtiyacı var. Son dövrlərdə ölkədə aparılan islahatlarla, qlobal dünyanın çağırışları ilə rəqəmsallaşma və transformasiya sahəsində böyük hədəflərə çatmağı planlayırıq.

Bu baxımdan fərqində olmalıyıq ki, bu cür resurslar bizim üçün ictimai bir platforma, ictimai nəzarət imkanı, müzakirələr meydanı, kimlər üçünsə biznes və karyera imkanları vasitəsidir”.

O.Gündüzün fikrincə, vətəndaşlar bu mənada ictimai fikrin yanlış yönləndirilməsinə yol verməməlidirlər:

“İlk növbədə, özümüz sosial medianın bizim üçün və cəmiyyət üçün əhəmiyyətini dəyərləndirərək, sui-istifadə hallarının qaşısını almalıyıq. Ümid edirəm ki, ali hakimiyyət də bunun fərqindədir ki, mənasız və zərərli kontentlər azərbaycandilli sosial media məkanına həmişə kənardan sızdırılır.

Əminəm ki, hökumət də sosial medianın ölkəmiz üçün əhəmiyyətini dərk edir və onun inkişafını əngəlləyən addımları məqbul hesab etməyəcək. Sirr deyil ki, qlobal resursların rəhbərlərində milli hökumətlərlə əməkdaşlıqda ikili standartlar var. Bu isə bizim kimi balaca ölkələrə sosial medianın tənzimlənməsində problemlər yaradır. AİF olaraq biz bunu anlayırıq. Lakin qloballaşan dünyada, müasir çağırışlar fonunda və bu çağırışlara uyğun hədəflərə çatmaq baxımından AİF olaraq hesab edirik ki, bizim bu tip resurslara ehtiyacımız daha çoxdur. Bu baxımdan, hökumətin sosial medianın tənzimlənməsinə ehtiyatla və səbirlə yanaşması, beynəlxalq təcrübəni əsas götürməsi, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə birgə hərəkət etməsi daha doğru olardı”.

Qeyd edək ki, Milli Məclisin deputatları sosial şəbəkələrdə ölkəmizə, eləcə də prezidentə qarşı yönəldilən təhqir, böhtan kampaniyasına etirazlarını bildirib və belə halların qarşısının alınması üçün hüquqi bazanı təkmilləşdirməyi təklif edib.

Reaksiya.az

Şərhlər