Ermənilərin qorxulu kabusu: təkbaşına hücum...

07.02.2019 12:54     Sosreaksiya     633

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

 Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-2005-ci illərdə M.Piriyev adına Əliabad kənd orta məktəbində təhsil alıb.

2005-ci ildə həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Az sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birinə göndərilib.

Təsdiq edilməmiş versiyalara görə, 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Şəhid Mübariz İbrahimovun ailəsinə son məktubu isə onun düşünərək, əvvəlcədən planlı şəkildə düşmənə qarşı savaşa yollandığını təsdiqləyir:

"Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".

Mübariz İbrahimovun nəşi 2010-cu il 6 noyabrda ölkə rəhbərinin xüsusi iradəsi ilə düşməndən alınıb və dəfn edilib. Ölümündən sonra Ali Baş Komandan İlham Əliyev Mübariz İbrahimova “Milli Qəhrəman” adı verib.

Reaksiya.az

Şərhlər