İdarəetməyə yeni kadrlar gətirilir -Korrupsiya zənciri qırılırmı?

Prezident İlham Əliyevin sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin olunub. 1979-cu il təvəllüdlü yeni müavin Anar Kərimovun avtobioqrafiyası xeyli zəngindir.
 
Belə ki, A.Kərimov 1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb.
 
Həmin ildə ABŞ-Azərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002-2005-ci illərdə Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib, 2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində üçüncü katib, 2007-2010-cu illərdə İslam İnkişaf Bankında (S.Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin xarici investisiyalar və iqtisadi əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib.
 
Vəkillər Kollegiyasının üzvü, Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti olub.
 
Hüquq elmləri namizədi olan A.Kərimov Bakı Dövlət Universitetində Hüquq fakültəsinin ingilis dilli magistratura proqramında müəllim kimi fəaliyyət göstərib.
 
Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.
 
Zaman-zaman müxtəlif ekspertlər dövlət qurumlarındakı korrupsiyanın səbəblərindən biri kimi məmurların uzun müddət eyni vəzifədə çalışmasını göstərirdilər. Elə adıçəkilən nazirliyin də adı bu xüsusda dəfələrlə hallanıb. Bəs idarəçilikdə bu cür savadlı və gənc kadrların önə çəkilməsi korrupsiya zəncirinin qırılması ilə nəticələnəcəkmi?
 
Moderator.az xəbər verir ki, “Yeni Müsavat”a bu mövzuda danışan politoloq Qabil Hüseynli bildirib ki, kadrların dəyişdirilməsində orta yaşlı nəslin önə çəkilməsinin tərəfdarıdır:
 
“Onların bir çoxu Azərbaycanda aldıqları təhsillə, Qərb təhsil sistemini birləşdirən adamlardır. Bu kadrların eyni zamanda bir neçə dil bilmələri də böyük üstünlük sayılır. Bütövlükdə həmin kadrlar müasir bazar sistemini də yaxşı bilirlər. Bu da deyərdim ki, əsas şərtlərdən biridir. Zənnimcə, kadrların mənəvi keyfiyyətləri də xüsusi əhəmiyyətə malikdir. Mənəvi keyfiyyətlər rüşvət və korrupsiyanın qarşısının alınmasında mühüm amillərdən biridir. Çünki yüksək mənəviyyatlı, xalqını sevən və xalqı ilə sıx əlaqəsi olan, fəaliyyətində şəffaflıq nəzərə çarpan adamların önə çəkilməsi yaxşı haldır. Bir məsələ diqqətə alınmalıdır ki, kiminsə adamıdır, ya yox. Yaxud da keçmişdə hansısa xidməti olan hansısa ailə ilə bağlıdırmı? Yəni elə olmalıdır ki, həqiqətən də qabiliyyətli və bacarıqlarına, mənəvi keyfiyyətlərinə görə istənilən şəxs cəmiyyətdə idarəetmə aparatına irəli çəkilə bilsin. Xalqın bütün təbəqələrini, etnik və milli qruplarını birləşdirən komanda sisteminin yaradılması, məncə, idarəetmədə böyük səmərə verə bilər. Son struktur islahatlarından sonra bu məsələyə də diqqət edilir. Güman edirəm ki, bütün bu məsələlər öz faydasını verəcək və korrupsiya faktlarına getdikcə rast gəlinməyəcək. Bir məsələ də var ki, ola bilər məmurun yüksək keyfiyyətləri var, ancaq özünü doğrultmur. Yəni tapşırılan işin öhdəsindən lazımınca gələ bilmir. Belə olan halda həmin məmurun da dərhal idarəçilikdən uzaqlaşdırılması diqqət mərkəzində saxlanılmalıdır”.
 
Məlum olduğu kimi, son zamanlar xeyli yüksək çinli məmur idarəçilikdən uzaqlaşdırılıb. Onlar vəzifədən getdikdən sonra haqlarında sosial şəbəkələrdə, mətbuatda korrupsiya faktları ilə bağlı xeyli məlumatlar yayılıb. Həmin şəxslərin çoxunun iri biznes şəbəkələri, ölkədə və xaricdə olan mülklərinin siyahısı da dərc edilib. Lakin hələ ki bu məmurların məsuliyyətə cəlb edilməsi, dövlətdən oğurladıqları vəsaitlərlə əldə etdikləri mal-mülkün “milliləşdirilməsi” ilə əlaqədar rəsmi məlumatlara rast gəlinmir. Onların çoxu azadlıqda gəzir. Bəziləri ölkədə yaşamağa davam etsələr də, bir qismi xaricə qaçıb.
 
Politoloq Qabil Hüseynli bildirib ki, korrupsiya zəncirinin qırılması, kökünün kəsilməsi üçün bu məsələlər də diqqət də saxlanılmalıdır. Q. Hüseynli bildirib ki, ölkə prezidenti korrupsiyanın kökünün kəsilməsi üçün var gücü ilə çalışır, məmurlara tez-tez xalqın xidmətçisi olduqlarını xatırladır:
 
“Düşünürəm ki, cəmiyyətə ziyan vurmuş, cəmiyyət qarşısında cinayət tərkibli hərəkət törədən bütün adamlar hesabat verməlidir. Lazım gəlsə, qanunvericilik nəyi tələb edirsə, ona uyğun da həmin şəxslər haqqında ölçü götürülməlidir. Yəni heç kimin üstündən keçilməməli, güzəşt edilməli deyil. Cəmiyyətdə qanunlar yalnız o zaman işləyə bilər ki, idarəetmə səmərəli olar ki, kadrlar seçilib, yerləşdirilən zaman etimad göstərildiyi kimi, bu adamlar nöqsanlara yol verdikləri an da barələrində ciddi ölçülər götürülsün. Bu, mövcud qanunvericiliyin tələbləri ilə sıx bağlı olmalıdır”.
 
Advertisement Banner

Şərhlər