Bakıda orqan alverinin təfərrüatı -"Böyrəyini satanlar şərtləri daha çox pozurdular”

Orqan alveri ilə məşğul olmaq da ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, 62 yaşlı Vahib Xudadatov böyrək çatışmazlığından əziyyət çəkib orqan köçürməsinə ehtiyacı olan şəxslərlə imkansızlıqdan böyrəyini satanlar arasında vasitəçilik edib.

Bunun müqabilində hər iki tərəfdən də pul alıb. Böyrəyini satanlar saytlarda, sosial şəbəkələrdəki elanlar, ortaq tanışlar vasitəsilə tapılır, xəstəlikdən əziyyət çəkənlərin özləri, yaxınlarıyla görüşdürülür və qiymət məsələsi razılaşdırılıb. Öncə Bakıda müxtəlif tibb müəssisələrində qan analizi verilib, sonra hər iki tərəf İrana həkim Mohsen Tahirinin yanına aparılıb, orada ətraflı müayinədən keçirilib, transplantasiya qərarı veriləndən sonra böyrək köçürmə əməliyyatı Gürcüstanda “Lanseti” klinikasında aparılırıb. Əməliyyatı Tbilisidə Mohsen Tahiri gedib özü həyata keçirirmiş. Sonradan əməliyyatlar Tacikistanda Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İnsan orqanları və toxumaları transplantasiyası Milli Mərkəzi”ndə aparılıb. Orada da əməliyyatları Mohsen Tahiri həyata keçirib.

Hər əməliyyata orqan köçürülən xəstənin yaxınları böyrəyini satan donora onunla razılaşdırılmış məbləğlə yanaşı, əməliyyat həyata keçirilən klinikaya 8 min, iranlı həkimə 10 min dollar pul ödəyirmiş. Vasitəçilik edən Vahib Xudadatova isə 200 manatdan 2 min manata qədər pul verilib.

Böyrəyini satanlarla onu alanlar arasında Bakıda notarial qaydada müqavilə imzalanıb. Orada göstərilib ki, guya bu adamlar qohumdular və biri digərinə böyrəyini verir.

Xudadatov məhkəmədəki ifadəsində deyib ki, övladı 2007-ci ildə xəstələnib, böyrəklərində problem yaranıb:

"Dializ xəstəliyindən 4 il əziyyət çəkdi. Televiziyaya çıxdıq və xeyirxah insanlara müraciət etdik. Pul yığıldı, bir nəfər də Elman Ağayev adlı şəxs zəng elədi ki, böyrəyini verə bilər. Qızım Güləri Gürcüstana apardıq. Orada böyrəyi dəyişdirildi və gəldik. 10 min dollar böyrəyini verənə, 8 min dollar həkimə, 10 min dollar da həkimə verdik.

Sonra dostum Yaşar mənə zəng elədi ki, övladının böyrəyində problem var və dəyişdirilməlidir. Məndən məsləhət aldılar ki, uşaq necədir, həkim məsləhətlidirmi? Mən də taksi sürücüsü idim və həkimi də tanıyırdım.

Sonra Rüstəm adlı şəxslə tanış olduq. Onun da övladı xəstə idi. Mən onunla uşağım dializ xəstəsi olanda tanış olmuşdum. 4 il o xəstəxanaya gedib-gəlmişəm. Bu xəstəlikdən əziyyət çəkən adamlar ora gəlirdi. Demək olar ki, hamı ilə tanış olduq.

Xudadatov deyib ki, ondan böyrək donoru olmaq istəyənlərə sosial şəbəkələrdə elanlara baxmalarını məsləhət bilib.

Özünü qətiyyən təqsirli bilməyən V.Xudadatov məhkəmədə deyib ki, böyrəyini satanlar daha çox şərtləri pozurmuş: “Mən onları həkimlə tanış eləmişəm, taksi sürücüsü kimi, onları İrana, Gürcüstana aparıb-gətirmişəm. Buna görə mənə pul veriblər. Hər şeyin şahidi-sübutu var. Heç kim heç nəyə məcbur edilməyib. Adamlar özləri öz aralarında razılaşıblar, mənlik bir şey olmayıb. Könüllü şəkildə satıblar, pullarını da alıblar”.

Onun sözlərinə görə, bəzən donorlar prosesin gedişində razılaşmanın şərtlərini pozur, əlavə tələblər irəli sürürdü: “Bəhram Məmmədov əməliyyata girməmişdən əvvəl 13 min manat Bakıda sayılıb qardaşına verilmişdi. Özü əməliyyatdan əvvəl deyib ki, “mənə “iPhone” almasanız, girməyəcəm”. Sonra təzə pal-paltar istəyib. Yaxud Sarvan iki il gedib-gəlib məndən pul tələb edirdi. 10 minə danışılmışdı, 20 minə qədər pul aldı”.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.

Ona qarşı Cinayət Məcəlləsinin 137-ci (insan orqanları və ya toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1-ci (insan alveri), 178 (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittihamlar verilib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar