Lənkəranda torpaq sürüşməsi

12.04.2019 13:29     Sosreaksiya     886

Lənkəranın Veravul kəndində çayın sahilində yaşayanlar torpaq sürüşməsindən əziyyət çəkir. 

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, 20-yə yaxın evin avtomobil yolu tamamilə bağlanıb.

2016-cı ilin aprel ayında Veravulçayın daşması nəticəsində sahilboyu gedən yoldan istifadə çətinləşib. Lakin son günlərdə Cənub bölgəsində yağan intensiv yağışlar səbəbindən yol tamamilə yararsız hala düşüb. Belə ki, təxminən səkkiz metrlik eni olan yolun indi cüzi hissəsi qalıb. Nəticədə, hava şəraiti pisləşəndə nəinki maşınla, hətta piyada yolu keçmək mümkünsüz olur.

 

Kənd sakinlərinin sözlərinə görə, azca yağış yağanda çayın su səviyyəsi qalxır və kəndin yolunu keçilməz edir. Onlar 150 hektara yaxın pay torpaqlarına, əkin sahələrinə, uşaqlar da məktəbə gedə bilmirlər. 

Yoldan istifadənin çətinləşməsi nəticəsində hətta elə olub ki, təcili tibbi yardım maşını xəstənin evinə gedib çıxa bilməyib. Veravul sakinləri gələcəkdə hər hansı bir xoşagəlməz hadisə zamanı belə problemlərin yenə də təkrarlanacağından narahatdırlar və bu məsələ ilə bağlı tədbir görülməməsindən şikayət edirlər.

Sakinləri narahat edən məsələ ilə bağlı Lənkəran Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinə müraciət etdik.

Qurumun əməkdaşı çay sahilində müəyyən bərkitmə işlərinin aparıldığını deyib.

Alternativ yolun olmaması sakinlərin işini çətinləşdirsə də, Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin əməkdaşı problemin həll olunacağını bildirib.

 

Şərhlər