“Rusiya Cənubi Qafqazda möhkəmlənməyə çalışır” - Polad qanadların gətirdiyi mesaj...

23.04.2019 12:46     Sosreaksiya     702

Fikrət Sadıqov: “Gümrüdəki rus bazasının gücləndirilməsi bizim üçün birbaşa təhlükə kəsb etmir, amma...”

Mediada yer alan məlumatlara görə, Rusiya Ermənistandakı 102-ci rus hərbi bazasındakı qırıcıları yeni nəsil “Su-30SM” qırıcıları ilə əvəzləməyi planlayır. Belə ki, yaxın gələcəkdə Gümrüyə 18 ədəd “Su-30SM” qırıcısının gətirilməsi nəzərdə tutulur.

Ermənistandakı rus hərbi bazasının müasir təyyarələrlə təmin edilməsi Azərbaycan üçün birbaşa və ya dolayısı ilə təhlükə kəsb edirmi? Rəsmi Bakı bununla bağlı hər hansı bir mövqe ortaya qoymalıdırmı?

Moderator.az-a açıqlama verən politoloq Fikrət Sadıqov baş verənlərin Rusiyanın Cənubi Qafqazda möhkəmlənmək niyyətindən xəbər verdiyini vurğuladı:

“Azərbaycan üçün əsas təhlükə ondan ibarət ola bilər ki, Rusiya Ermənistanı müasir silahlarla təmin etsin. Hansı ki, bundan öncə  Ermənistana “İsgəndər” tipli raketlərin verilıməsi ilə bağlı müəyyən informasiyalar səslənib. Bu, iki ölkə arasındakı münasibətlərdən irəli gələn addım olsa da, ölkəmiz üçün də müəyyən təhlükə kəsb edir.

Gümrüdəki rus hərbi bazasının təkmilləşməsi, yeni silahlarla təmin edilməsi Azərbaycan üçün birbaşa təhlükə yaratmır. Bu, Ermənistan-Rusiya müttəfiqlik dərəcəsinin göstəricisidir. Ikincisi, Rusiya oradakı hərbi mövcudluğunu gücləndirməkdə maraqlıdır. Ukrayna və Gürcüstanın son illər Rusiyadan kifayət qədər uzaqlaşdığını nzəər alsaq, aydın olar ki, Rusiya Ermənistanı özünə müəyyən bir dayaq nöqtəsi hesab edir. Onlar bu dayaq nöqtəsini daha da gücləndirmək niyyətindədirlər. Hesab edirəm ki, bu addımlaırn arxasında Rusiyanın regionda möhkəmlənmək arzusu dayanır”.

Reaksiya.az

Şərhlər