“XİN rəhbərlərinin görüşündə ABŞ öz həll formulunu masaya gətirəcək” – Aktual şərh

18.06.2019 13:28     Sosreaksiya     677

"İyunun 20-də Vaşinqtonda keçirilməsi nəzərdə tutulan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü erməni tərəfinin intensiv təxribatı, həmçinin, şifahi razılaşdırılmış Düşənbə anlaşmasının qüvvədən düşməsi fonunda keçiriləcək”.
 
Bunu "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
 
Ekspert bildirib ki, xarici işlər nazirlərinin bu görüşündə həmsədrlərin iştirakı göstərir ki, ortada müzakirə olunacaq yeni detal yoxdur:
 
 
"Həmsdərlərin iştirakı ilə keçirilən görüşlər imitasiya xarakteri daşıyır. Belə görüşlərdə əsasən humanitar məsələlərin müzakirəsi planlaşdırılır. Paris və Moskvada keçirilən danışıqlar da məhz bu qəbildən olduğu üçün Vaşinqton görüşündən müsbət nəticənin əldə olunması gözlənilmir. Ermənistan Düşənbə, Vyana, Paris və Moskva görüşlərindən sonra etimad mühitinə zərbə vurdu. Prosesləri cəbhədə təxribat törətməklə sıfırladı. Bu da işğalçı ölkənin hər hansı razılığa gəlmək planının olmamasından irəli gəlir”.
 
Analitikin sözlərinə görə, İrəvan Vaşinqton görüşündən sonra yenidən cəbhədə təxribat edəcək:
 
"Təbii ki, bu təlimat şimaldan gələcək. Çünki, ABŞ bu görüşdə öz həll formulunu masaya gətirəcək. Bu, "Bolton planı” kimi xarakterizə edilir. Moskva "Kazan planı”na – "Lavrov planı”na malik olduğu üçün Vaşinqtonun həll təklifinə müsbət baxmır. 
 
Sadəcə, Vaşinqton görüşündə danışıqların davam etdirilməsi və əsirlərin dəyişdirilməsi əsas mövzu olacaq. Əgər, həmsədrlər bu görüşə qatılmasaydı, ABŞ tərəflərlə ciddi müzakirə apara bilərdi. Hətta növbəti aylarda prezidentlərin görüşü təşkil edilə bilərdi. Rusiyanın Vaşinqton görüşündə iştirakı danışıqlarda manipulyasiyaya gətirib çıxarır”.
 
Qeyd edək ki, iyunun 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
 

Şərhlər