Eldar Əzizov Bakını hansı fövqəladə vəziyyətə hazırlayır - təfərrüat

04.09.2019 13:46     Sosreaksiya     728

BŞİH-də icra başçıları ilə keçirilən müşavirədə əsas müzakirə  payız-qış mövsümünə hazırlıq olub, bəs mövsümdə hansı hava bizi gözləyir ki....

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov sentyabrın 3-də rayon icra hakimiyyəti başçılarının iştirakı ilə müşavirə keçirib. BŞİH-dən verilən məlumata görə, müşavirədə əsas müzakirə  payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı olub.

Rayon icra hakimiyyəti başçılarının, müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə payız-qış mövsümündə xüsusi halların baş verdiyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən xüsusi proqram təsdiq edilib.

Qeyd edilib ki, paytaxt qurumları qış aylarında üzərlərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə həll etməlidir. Şəhər icra hakimiyyətinin, idarə və təşkilatların xüsusi texnikaları saz vəziyyətdə olmalı, kifayət qədər qum, duz və lazımi invertar ehtiyatı yaradılmalıdır.

Bildirilib ki, güclü qar yağdığı zaman və ya hər hansı digər fövqəladə halın - güclü küləyin, leysan yağışın, zəlzələnin və ya digər təbii fəlakətin baş verdiyi təqdirdə mobil rabitədə yarana biləcək problemləri nəzərə alaraq hər bir rəhbər şəxs öz iş yerində olmalı və yaranmış problemlərin həlli üçün konkret tədbirlər görməlidir. Müşavirədə şəhər və rayon qurumları arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahların yaradılması və aidiyyəti təşkilatların iştirakı ilə müşavirələrin keçirilməsi tapşırılıb.

Müşavirədə son zamanlar bir çox inkişaf etmiş ölkələrin iri şəhərlərində güclü yağışların, sel və subasma hallarının baş verməsini nəzərə alaraq, mürəkkəb landşafta malik olan Bakı şəhərində belə hallar baş verəcəyi təqdirdə aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib.

Məlum olduğu kimi, Bakıda qış aylarında insanlar ən çox əziyyəti yollarda çəkirlər. Qardan sonra yollarda iflic durum, güclü yağışdan sonra isə böyük gölməçələr yaranır. Ekspertlər tərəfindən hər dəfə problemin səbəbi kimi Bakının kanalizasiya sisteminin yaxşı vəziyyətdə olmaması göstərilir. Xüsusilə də yağışlı payız və qış aylarında Bakıətrafı ərazilərdə vəziyyət daha da acınacaqlı olur. Bəs bu il nə isə dəyişəcəkmi?

Anar Cəbrayıllı ile ilgili görsel sonucu

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllının  sözlərinə görə, Bakının yağış və məişət sularından əziyyət çəkən ərazilərində drenaj sistemlərinin qurulması ilə bağlı layihələr nəzərdə tutulub. Bu barədə “Yeni Müsavat”a açıqlamasında A. Cəbrayıllı söyləyib ki, layihələrin bu il ərzində reallaşdırılması planlaşdırılr: “Bakının Binəqədi, Sabunçu və bir sıra rayonlarında kanalizasiya sisteminin olmaması səbəbindən subasma hallarının baş verməsi məlumdur. ”Azərsu" ASC olaraq bu istiqamətdə tədbirlər görülür, layihə planları hazırlanır".

Onu da qeyd edək ki, Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar prezident İlham Əliyevin 2016-cı il 11 noyabr tarixli sərəncamı da var. 2016-cı ildə sərəncama əsasən  yaradılan işçi qrupunun ilk iclasında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdi ki, Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemləri və su kəməri şəbəkəsinin 70 faizinin istismar müddəti başa çatıb.

Q.Hüseynov söyləmişdi ki, Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğun yenidən qurulması üçün beynəlxalq təcrübəyə malik şirkətlərin iştirakı ilə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla “Master Plan” hazırlanıb. Yəni Bakıda yaşanacaq yağış suyu problemi hələ 15 il də davam edə bilər...

“Yeni Müsavat”a danışan ekspert Əzim Məsimovun fikrincə, Bakıda kanalizasiya sisteminin qurulması üçün  13 milyard avro pul lazımdır: “Bu, təbii ki, böyük məbləğdir. Ona görə də kanalizasiya sistemini birdən-birə qurmaq mümkün deyil. İndi proqram hazırlanarsa, 20-30 ilə sistem tamamilə tikilə bilər. Yəni problem çox dərindir və dərin olduğu qədər də vəsait tələb edir. Bu işi anlayan mütəxəssislər bir yerə cəlb edilib, işə başlanılmalıdır. Əgər bu gün işə başlanılmasa, fəsadlar get-gedə artacaq. Suyun əmələ gəlmə mexanizmi öyrənilməli, bunun əsasında qərarlar qəbul edilməlidir”.

İqtisadçı Natiq Cəfərli ile ilgili görsel sonucu

İqtisadçı Natiq Cəfərli söyləyib ki,  Bakıda və bölgələrdə kanalizasiya sisteminin yenidən qurulması üçün  1995-ci ildən etibarən müxtəlif həcmdə vəsaitlər ayrılıb: “Hətta xarici donorlar belə, həm qrant şəkilində layihələrin hazırlanmasına, həm də kredit şəklində bəzi təmizləyici qurğuların tikintisinə, bu sistemdə bir qayda yaradılmasına kredit də ayırıb. Söhbət kiçik miqdardan getmir. Bu sahələrin yenidən qurulmasına müstəqillikdən bəri 1.5 milyard dollara yaxın kredit ayrılıb. Lakin bütün bu vəsaitlərin ayrılmasının effektini görmədik. Sovet dövründə Bakı şəhərinin kanalizasiya sistemi 2 milyonluq əhali üçün nəzərdə tutulmuşdu. İndi isə Bakıda az qala bundan 2 qat çox əhali yaşayır. Yeni xətlərin çəkilməsində bu günə qədər böyük problemlər olub. Ona görə də bu sistemdə yenidənqurma işlərinin aparılması çox baha başa gələcək. Bu gün Azərbaycan büdcəsinin bu qədər xərci qaldıra biləcək gücü yoxdur. Ona görə də birdəfəyə bu qədər vəsaiti ayırmaq mümkün deyil. Neft Fondundan da bunu etmək mümkün görünmür. Çünki bu Fond ölkənin təhlükəsizlik yastığıdır. Bu baxımdan ayrılacaq vəsaiti illərə bölüb, yavaş-yavaş işləri görmək olar. İldə təxminən 1.5 milyard dollar vəsait ayırıb məsələni həll etmək mümkündür. İkinci bir məsələ isə gələcəkdə su təsərrüfatının idarə olunmasını təklif etməklə, bu işə xarici investorları da cəlb etmək olar”.

Telman Zeynalov ile ilgili görsel sonucu

Eldar Əzizovun bu toplantısı formal xarakter daşıyır, yoxsa, doğrudan da, bizi sərt qış gözləyir? Məsələ ilə əlaqədar cebhe.info saytına açıqlama verən ekoloq Telman Zeynalov bildirib ki, öncədən qışın sərt keçəcəyi ilə bağlı proqnoz verə bilmərik:  “Hazırda ancaq 1 həftənin proqnozunu vermək mümkündür. Müşavirədə, sadəcə, ehtimalla görülməli olan tədbirlər bildirilib. Buna əsasən, qışın sərt keçəcəyini deyə bilmərik. Hətta yay ayları sərin keçən zaman qış aylarının isti keçdiyi də məlumdur. Qışın necə keçəcəyinə, mən daxil, heç kim proqnoz verə bilməz. Çünki bu, Allahın işidir. Bir həftədən əlavə vaxtın proqnozunu vermək Allahın işinə qarışmaqdır”.

Reaksiya.az

Şərhlər