Sosial evlər evi olmayanlara verilməlidir - V.Bayramov: - "Bu evləri KİRAYƏ VERMƏK OLMAZ"

“Sosial evlərin fəlsəfəsi evi olanlara əlavə mənzil vermək deyil, evsizləri mənzillə təmin etməkdir”.

Redaktor.az bildirir ki, iqtisadçı alim Vüqar Bayramov sosial evlərin bir qisminin kirayə kimi təklif edilməsi məsələsinə münasibət bildirib.

İqtisadçı hesab edir ki, evsiz vətəndaş mənzil sahibi olmaqda çətinlik çəkdiyi halda, başqası “ev kolleksiyası” yaradır:

“Son günlər CESD-ə edilən müraciətlərdə bununla bağlı şikayətlər üstünlük təşkil edir. Belə ki, əmlak satışı və kirayəsi ilə məşğul olan internet səhifələrində sosial evlərin kirayə təklif edilməsi halları artıb. Sosial evi güzəştli şərtlərlə əldə edən şəxslərin bir qismi onu daha baha qiymətə kirayə kimi təklif edərək, qazanc əldə etməyə çalışır. Nəticədə, sosial evlər kommersiya evlərinə çevrilərək bəzilərinə əlavə gəlir gətirir. Təbii ki, burada Mənzil İnşaatı Dövlət Agentliyini (MİDA) günahlandırmaq doğru olmaz. MİDA mənzilləri inşa edir və sosial ipoteka krediti ilə satışını həyata keçirir. Aydındır ki, agentlik mənzilə sahib olan şəxsdən evi kirayə verməməyi tələb edə bilməz. Sosial ipoteka kreditlərinə əldə etmək üçün başqa mənzilə sahib olmaq məhdudiyyət yaratmadığı üçün, bəzi hallarda bir neçə evi olanlar da sosial evləri alıb əlavə qazanc əldə etməyə çalışırlar. Amma sosial evlərin fəlsəfəsi evi olanlara əlavə mənzil vermək deyil, evsizləri mənzil ilə təmin etmək olduğundan, bu evlərin kommersiya məqsədi ilə istifadə olunması nəinki arzuolunan deyil, həmçinin yolverilməz olmalıdır”.

V. Bayramov bu cür halların qarşısının alınması üçün görülməli işlərlə bağlı təkliflər edib:

“Bəziləri evlərinin sayını artıraraq kirayədən gəlir əldə edir. Bunun qarşısını almaq üçün əvvəlla, evi olan şəxslərin sosial evlərə müraciəti məhdudlaşdırılmalıdır. Sosial evlər evi olan deyil, yalnız mənzili olmayana təklif olunmalıdır. Burada müraciət edənin deyil, ailə üzvlərinin adına mənzil olub-olmamasına da baxılmalıdır. İkincisi, qanunvericiliklə agentliyə mənzilləri təyinatı üzrə istıfadəyə nəzarət hüququ verilməlidir. Doğrudur, iddia oluna bilər ki, mənzildən necə istifadə etmək ev sahibinin hüququdur. Amma nəzərə almaq lazımdır ki, sosial evlər dövlər vəsaiti hesabina inşa edilir və evlərə sahiblik məsələsində sosial ədalət əsas prioritet olaraq qalmalıdır. Belə mexanizm isə sosial evlərin gəlir mənbəyinə çevrilməsini minimumlaşdırar. Bütün bunlar isə, gələcəkdə sosial evləri kirayə təklif edən internet səhifələrini “bəzəməsinin” qarşısını ala bilər”.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar