SON DƏQİQƏ: Azərbaycan-İran sərhədində atışma, ÖLƏNLƏR VAR

02.10.2019 12:37     Sosreaksiya     967

 Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir. Belə ki, 2019-cu ilin 02 oktyabr tarixində saat 00:13 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin döv­lət sərhədini pozmaları müşahidə olunub.

Reaksiya.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadıl­mış­dır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılmış­dır. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmamış, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd etmiş, 1 sərhəd pozucusu üzərindəki çantanı ataraq İİR istiqamətində qaçmağa, digər 2 sərhəd pozucusu isə hadisə yerindən digər istiqamətdə qaç­ma­ğa cəhd göstər­mişlər.

“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadları tərəfindən silah tətbiq olun­muş və hər 3 sərhəd pozucusu aldıqları güllə yaralarından hadisə yerin­də və­fat edib.

Zərərsizləşdirilmiş sərhəd pozucularına və əraziyə baxış zamanı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 15 kq olan müxtəlif növlü nar­­­kotik vasitələr, 1 ədəd lüləsi kəsilmiş tüfəng, patronlar və gilizlər aşkar olun­mub.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov ərazi­yə ezam edilmiş, hadisə yerinə baxış keçirilmiş, sərhəd pozucu­larının şəxsiyyətinin müəyyən edilməsinə və əməliyyat-axtarış tədbirlə­rinin davam etdiril­məsinə dair zəruri tapşırıqlar verib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir. 

Reaksiya.az

Şərhlər