“Çıxıb biri deyərdi ki, ”torpağı siz satıbsız..." - Abutalıbov

Bakının  sabiq meri  artıq Nazirlər Kabinetindəki otağını boşaldıb, evindədir...

Xəbər verildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov paytaxtda daha bir qanunsuz tikintinin dayandırılması haqda göstəriş verib. Söhbət Nəsimi rayonu 54 nömrəli tam orta məktəbin yaxınlığında aparılan tikinti işlərinın dayandırılmasından gedir.  

Məlumatda deyilirdi ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən torpaq sahəsi 2008-ci ildə Bakı Metropoliteninə verilib, sonradan isə həmin ərazi vətəndaş Azər Əkbərov və Asif Əsədova çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədilə ayrılıb.

Araşdırma zamanı məlum olub ki, hər iki halda ərazinin ayrılması Əmlak Məsələləri Dövlət Komitəsinin və digər aidiyyəti tərəflərin rəyi alınmadan həyata keçirilib. Bunu, tikinti işlərinin məktəbə çox yaxın yerdə aparıldığını və ictimai maraqları əsas tutaraq, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi-40 ünvanında çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş rəhbərliyi tərəfindən verilmiş sərəncam ləğv edilib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin əvvəlki başçısı baş nazirin müavini kimi ötən həftə təqaüdə göndərilən Hacıbala Abutalıbov olub.

Hacıbala Abutalıbov ile ilgili görsel sonucu

Bakıdakı qanunsuz tikililər mövzusu hər zaman dövlət başçısı İlham Əliyevin nəzarətində olub. İddialara görə, H.Abutalıbov ötən ilin aprelində daha çox qanunsuz tikililərlə bağlı məsələyə görə BŞİH-dəki işini itirməli olub. Çünki onun işdən çıxarılmasından bir müddət əvvəl prezident yanında keçirilən müşavirədə qanunsuz tikililərlə bağlı məsələ gündəmə gəlmişdi. Prezident demişdi ki, bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır.

İlham Əliyev bildirib ki, bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır: “Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar. Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Bakı şəhərində elə yerlər var ki, utanc  gətirir. Binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox...”

Hacıbala Abutalıbov ile ilgili görsel sonucu

Prezidentin bu çıxışından bir neçə gün sonra BŞİH-in Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildi. Bununla bağlı prezident “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzaladı. Fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Nazirlər Kabineti və Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırıldı.

Abutalıbov təbii ki, bu iddialarla bağlı heç vaxt mediaya açıq danışmayıb. Yalnız  2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbayel rayonu ərazisində - Badamdar şosesində torpaq sürüşməsi olandan sonra baş nazirin müavini kimi “torpaq satmaq” iddialarını cavablandırmalı olub.

Çünki belə iddialar vardı ki, H.Abutalıbov həmin ərazidəki torpaqlar mer olduğu dövrdə ayrı-ayrı imkanlı adamlara satıb. “İddialar var ki, bu yerlər mənim mer olduğum dövrdə satılıb, buna da cavab verirəm. Birincisi, o torpaqlar dövlət torpağıdır və satılmır. İkincisi, mən 3 gündür ərazidəyəm. 11 evin hamısının sakinləri ilə də görüşərək, xəbərdarlıq etmişəm. Hər birinə demişəm ki, bu evlərin hamısı söküləcək. Əgər o torpaqlar sakinlərə mən Hacıbala Abutalıbov tərəfindən - hansı ki bu, ömrümdə ola bilməz - yaxud bir başqası tərəfindən satılsaydı, sözsüz bu 11 nəfərdən biri etiraz edərdi. Çıxıb mənə deyərdi ki, ”ay Hacıbala müəllim, siz satıbsız axı". Bu sözü eşitməmişəm. Çünki belə bir şey olmayıb".

Ölkə mətbuatında hələ Bakıda “tikinti bumu” vaxtı belə xəbərlər vardı ki, 10-16 mərtəbəli bina üçün ən azı 500 min manat rüşvət vermək tələb olunur.

 Bildirilir ki, ümumiyyətlə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən son illər tikintiyə verilən bütün icazə sənədlərinin yoxlanmasına başlayıb.

Abutalıbovun  hakimiyyətdən uzaqlaşdırılandan sonra  media ilə təması olmayıb. Bildirilir ki, H.Abutalıbov artıq Nazirlər Kabinetindəki otağını boşaldılıb. Onun kabineti baş nazirin yeni təyin olunan müavini Ş.Mustafayevə verilib. Abutalıbovun Bakıdakı evində qaldığı və ölkədən getmədiyi deyilir.     

Reaksiya.az

Advertisement Banner

Şərhlər