Deputatdan parlamentin buraxılmasına reaksiya

28.11.2019 15:04     Sosreaksiya     685

Fəzail Ağamalı: “Ciddi islahatlardan Milli Məclis kənarda qala bilməzdi”

Xəbər verildiyi kimi, hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Milli Məclisin buraxılması barədə qərar qəbul edib. Artıq növbədənkənar seçkilərin keçiriləcəyi dəqiqləşib.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı qərarı bu cür dəyərləndirdi: “Bu haqda məlumatım yox idi. Müxtəlif rəylər, fikirlər var idi, parlament seçkilərinin önə çəkiləcəyi barədə. Açığı bu barədə dəqiq fikrim yox idi. Düşünürdüm ki, növbədənkənar seçkilər ola da bilər, olmaya da. Amma bunun olmasını vacib sanırdım. Çünki ölkədə ciddi xarakter daşıyan islahatlar davam edir. Bu islahatlar sistemli xarakter daşıyır. Bu məntiqə söykənərək Milli Məclisin buraxılması və vaxtından bir neçə ay əvvəl seçkilərə gedilməsi doğru qərardır. Bu barədə düşüncələrim var idi. Amma etiraf edim ki, bunu gündəliyə gətirməkdən ehtiyat edirdim. Mənə verilən suallara cavab olaraq, söyləyirdim ki, bilmirəm, ola da bilər, olmaya da. Atılmış olan bu addım başa düşüləndir. YAP-ın bu qərarını müsbət qiymətləndirirəm. Fikirləşirəm ki, bu partiyanın səlahiyyətləri çərçivəsində olan bir məsələdir. Ölkədə gedən ciddi islahatlardan Milli Məclis kənarda qala bilməzdi. Çünki islahatların mahiyyətinə uyğun olaraq, Milli Məclis də məntiqinə söykənən fəaliyyətini ciddi şəkildə qurmalıdır. Parlament bu günə qədər üzərinə düşən vəzifəni uğurla yerinə yetirib. Lakin yeni situasiyada yeni çağırışlar və islahatların dərinləşdiyi zaman kəsiyində Milli Məclisin yenidən formalaşması zəruridir. Bu baxımdan məncə atılmış olan bu addım ölkə prezidentinin apardığı islahatların məntiqinə və ruhuna tamamilə ilə uyğundur. Məncə belə bir addımın atılması cəmiyyət və digər siyasi partiyalar tərəfindən müsbət qarşılanacaq”.

F.Ağamalı növbədənkənar seçkilərdə partiya olaraq iştirak edəcəklərini açıqladı: “Partiyamız atılmış olan bu addımı müzakirə edib, dövlətçilik baxımından bu qərarın önəmini önə çəkib, ümidvaram ki, bu qərarı müsbət qiymətləndirib, öz səlahiyyətləri çərçivəsində qərarını verəcək. Təbii ki, Ana Vətən Partiyası hakim partiyanın bu qərarını çox müsbət qiymətləndirir. Biz qarşıdan gələn seçkilərdə iştirak etmək niyyətindəyik”.

Reaksiya.az

Şərhlər