AQTA: “Qida sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı zəruri addımlar atılıb”

17.01.2020 13:36     Sosreaksiya     1448

Ötən il Agentliyin fəaliyyət istiqamətləri üzrə mövcud qanunvericilik aktlarına dəyişiklik edilməsi barədə 6 qanun qəbul olunub, 9 fərman və 11 sərəncam imzalanıb. Bu barədə AQTA sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında məlumat verib. Bildirib ki, Nazirlər Kabineti tərəfindən mövcud qanunvericilik aktlarının uyğunlaşdırılması və yeni qaydaların təsdiqi ilə əlaqədar 7 qərar qəbul edilib. “Qida təhlükəsizliyi haqqında” Qanun layihəsi və uyğunlaşma paketi hazırlanıb, aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb. Qanun layihəsi uyğunlaşma paketi ilə birlikdə artıq Nazirlər Kabinetinə göndərilib. “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icra edilməsi üçün müvafiq işçi qrupları yaradılıb və Tədbirlər Planı hazırlanıb. Sanitar, fitosanitar və baytarlıq normalarının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Kodeks Alimentarius Komissiyası, Bitki Sağlamlığı və Heyvan Sağlamlığı üzrə İşçi qrupları yaradılıb və Tədbirlər Planı hazırlanaraq təsdiqlənib. Artıq 6 sanitar, fitosanitar, baytarlıq norma və qaydalar Agentliyin Kollegiyasının qərarı ilə təsdiq edilib, 20-dən çox layhə isə müvafiq Komissiya və İşçi qruplarda müzakirələrə çıxarılıb. Bundan başqa 2019-cu ildə enerji içkilərinin insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” hazırlanıb və Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Reaksiya.az

Şərhlər