Bakı hərəkətə keçdi: Dəhşətli virusla bağlı tədbirlər...

27.01.2020 13:11     Sosreaksiya     3024

Bir müddət əvvəl Çində yayılan koronavirus ilə əlaqədar artıq bir neçə ölkə Çindən gələn məhsullarla və turistlərlə bağlı nəzarəti gücləndirib.

Bəs görəsən, Çindən ölkəmizə gələn təyyarələrlə bağlı hansı tədbirlər görülür?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Azərbaycan Hava Yolları QSC-nin (AZAL) mətbuat katibi Paşa Kəsəmənski bildirib ki, Çindən ölkəmizə həftədə iki dəfə reys reallaşdırılır və koronavirus ilə bağlı nəzarət hava limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsinin (DGK) səlahiyyətindədir.

DGK-nın mətbuat xidmətindən saytımıza verilən məlumata görə, Çində qeydə alınan virusla əlaqədar gömrük-sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq işlər aparılır.

“Öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı və s. simtomplarla özünü büruzə verən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər diaqnostik üsullarla tibbi-sanitariya yoxlaması gücləndirilmiş rejimdə həyata keçirilir.

Xəstə və xəstəliklə bağlı şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün ayrılan və zəruri əşyalarla təmin edilən yerlərdə müayinəsinə lazımi şərait yaradılıb.

Həmçinin, nəqliyyat vasitələri üzərində dezinfeksiya tədbirlərinin aparılması da həyata keçirilir.

Eyni zamanda, fiziki şəxslərin hava nəqliyyatı vasitəsilə ölkəyə gəlişi zamanı müvafiq tibbi-sanitariya nəzarəti məsələlərinə dair məlumatların gömrük orqanına təqdim olunması tələb edilir”.

Qeyd edək ki, Çində bu virusdan ölənlərin sayının 80-ə, virusa yoluxanların sayının isə 2744-ə çatdığı bildirilib.

Reaksiya.az

Şərhlər