“Torpaqlarımızda yol çəkən ermənilər yaxşıdır, yoxsa xalqın pulunu xaricdə dağıdan məmurlar?”

30.01.2020 12:52     Sosreaksiya     3643

Efirlərimizdə sosial verilişlərin sayının artmasından sonra bölgələrimizdən kütləvi şəkildə həmin verilişlərə axın var. Bir sözlə, kənddə ər arvadına bir söz deyən kimi qadın birbaşa üz tutur həmin verilişə və aparıcıdan tələb edir ki, ərimi cəzalandırın. 
 
Moderator.az-a açıqlamasında Xalq şairi Vahid Əziz bildirdi ki, bu cür verilişlər insanların psixologiyasını pozur və həmin verilişlərlə bağlı tədbir görülməlidir:
 
“O adamlardan soruşmaq lazımdır ki, Xoşqədəmi efirə niyə buraxıb belə verilişlərlə millətin tərbiyəsin pozursunuz? Gərək elə Xoşqədəm bu millətə dərs deyə? Əgər o, bu millətə dərs deyirsə, onda millət vəkilləri, Prezident Aparatı, akademiklər kimə lazımdır? Belə məlum olur ki, yerlərdə  İcra hakimiyyətləri, bələdiyyələr, icra nümayəndələri işləmirlər və ona görə də insanlar da Bakıya üz tutur. Ölkə başçısı dəfələrlə məmurlara göstəriş verir, tapşırır ki, işləyin, amma onlar yenə işləmirlər. Hafiz Hacıyevi bəzən qınayırlar, amma vallah o, düz deyir, nə qədər bu məmləkətdə yalan danışmaq, oğurluq etmək olar?
 
Bir də görürsən ki, hansısa rayonda yol dağılıb, baxan yoxdur. Adam fikirləşir ki, görən icra başçısının ora yolu düşmür, düşmürsə, bəs bunlar nə işlə məşğuldur? İndiki vaxtda onsuz da sovxoz yoxdu və bunlar oturub elə oğurluqla məşğuldurlar. Bu psixologiyayla yaşayan millət Qarabağı geri ala bilməz, yerli icra orqanları adam kimi işləməsə Azərbaycan Qarabağ problemindən əl çəkməlidir. Bu gün vəzifədə elə adamlar var ki, ermənilərin iti onlardan yaxşıdır, çünki bu adamlar ziyan vurmaqdan başqa bir şey bilmirlər. Deyirlər ki, ermənilər bizim torpaqlarda yol çəkirlər. Onsuz da ermənilər orda qalan deyil, xalqımız torpaqlarımızı alıb öz yerlərinə qayıdacaq. Amma mən bir sual verirəm, Azərbaycan torpaqlarında müvəqqəti yaşayıb yol çəkən ermənilər yaxşıdır, yoxsa xalqın pullarını xaricdə dağıdan məmurlar?”.
 

Şərhlər

Çox oxunanlar