Təhsil Nazirliyi dərs ilinin uzadılması ilə bağlı məsələyə aydınlıq gətirdi - RƏSMİ

“Hazırkı vəziyyətdə dərs ilinin uzadılması nəzərdə tutulmur. Buraxılmış dərslərin (5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə dörd gün, altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə 5 gün) kompensasiya edilməsi barədə tövsiyələr hazırlanır. Kompensasiyanın təqvim-tematik planlara yenidən baxılmaqla fənlər üzrə yaxın mövzuların birləşdirilməsi, proqram materialının optimallaşdırılması və intensiv tədris hesabına edilməsi nəzərdə tutulur”.

Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin müddətdə (3-9 mart 2020-ci il tarixlərində) pedaqoji və tədrisə yardımçı heyətin məktəbdə olmasına ehtiyac yoxdur:

“Yalnız məktəbdə aparılacaq tibbi-profilaktik və dezinfeksiya işlərinə cəlb olunan texniki heyət məktəbdə müvəqqəti ola bilər”.

Nazirlikdən bildirilib ki, Novruz bayramı ilə əlaqədar istirahət günləri (20-24 mart) bütün təhsil müəssisələrinə aiddir:

“Təhsil Nazirliyi tərəfindən valideynlərə tövsiyələr hazırlanıb. Həmin tövsiyələr yerli təhsili idarəetmə orqanları, həmçinin sosial media vasitəsi ilə pedaqoji kollektivlərə və valideynlərə çatdırılıb”.

Qeyd edək ki, Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına əsasən, təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiya işlərinin daha da intensiv aparılması məqsədi ilə ölkə ərazisindəki bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi 3-9 mart 2020-ci il tarixlərində müvəqqəti dayandırılıb.

Reaksiya.az

Advertisement Banner

Şərhlər