Orta məktəblərdə dərs ili uzadılacaq? - Rəsmi

13.03.2020 12:30     Sosreaksiya     6326

Hazırda orta məktəblərdə tədris ilinin uzadılması müzakirə edilmir.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.

“Hazırda dərs saatlarının kompensasiya olunması üçün işçi qrupu çalışır. Təhlillər aparıldıqdan sonra ümumi format bəlli olacaq. Ümumiyyətlə isə dərs ilinin uzadılması Nazirlər Kabinetinin səlahiyyətində olan məsələdir”, - nazirlik rəsmisi bildirib.

Qeyd edək ki, ölkədə koronavirus səbəbindən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi martın 3-dən etibarən (martın 27-dək) müvəqqəti dayandırılıb. Bununla əlaqədar orta məktəb şagirdləri üçün itirilən dərs saatlarının bərpa edilməsi məqsədi ilə martın 11-dən “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib. Ali təhsil müəssisələrində isə tədris ilinin iyunun 15-dək davam etdirilməsi barədə Təhsil nazirinin müavini Firudun Qurbanov qərar qəbul edib.

Reaksiya.az

Şərhlər