Azərbaycan koronavirusa görə 10-dan çox ölkəyə yardım edib

07.05.2020 18:10     Sosreaksiya     4600

"Mən deyə bilərəm ki, pandemiyadan, əlbəttə, bizim iqtisadiyyatımız da zərər çəkir. İstisna deyil ki, ikinci rübün yekunları o qədər də ürəkaçan olmayacaq. Ancaq bu, ikinci dərəcəli məsələdir. Birinci dərəcəli məsələ vətəndaşların sağlamlığıdır. Biz bilirik ki, əgər karantin rejimini bax, dediyim bu səbəblərə görə sərtləşdirsək, iqtisadi vəziyyətimizə bunun çox mənfi təsiri olacaq. Amma biz buna gedəcəyik. Çünki insanların sağlamlığı və sosial rifahı birinci yerdədir. Məhz bu məqsədlə 3,5 milyard manat vəsait ayrıldı. Pandemiyadan ən çox ziyan çəkən sahələrdə işini itirən 700 minə yaxın vətəndaşın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən verilir. Bu məqsədlə 600 min işsiz, aztəminatlı və qeyri-formal məşğulluqla pul qazanan insanlar dövlət tərəfindən maddi yardımla təmin edilir. Bütün bu işləri biz görürük ki, vətəndaşların sosial və maddi vəziyyətini sabit saxlayaq. Bütün bu addımlar, əlbəttə ki, beynəlxalq birlik tərəfindən də qiymətləndirilir". 

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında çıxışı zamanı deyib.

"Mən bunu demişəm, bir daha demək istəyirəm ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda pandemiyaya qarşı mübarizə istiqamətində görülmüş tədbirləri yüksək qiymətləndirib, bizi nümunəvi ölkə adlandırıb. Bu, həqiqətən də belədir. Azərbaycanda həm ölkə daxilində, ilk növbədə, bütün lazımi tədbirləri görürük və beynəlxalq müstəvidə də öz sözümüzü deyirik. Mən deyə bilərəm ki, biz 10-dan çox ölkəyə yardım etmişik. Texniki yardım, maliyyə yardımı, təyyarələr göndərmişik, yük təyyarələri o ölkələrə ki, onlar bizə müraciət edib və onların maddi imkanları məhduddur, onların, belə deyək, müraciət edəcəyi başqa bir ölkə yoxdur. Ondan çox ölkəyə yardım etmişik və hesab edirəm ki, düz etmişik. Çünki məhz belə günlərdə, belə dövrdə insanların da, ölkələrin də əsl siması üzə çıxır. Yaxşı vəziyyətdə hər kəs hər kəslə dostdur. Hər kəs yaxşı sözlər deyir, beynəlxalq tədbirlərdə çıxışlar edir, qarşılıqlı dəstək haqqında danışır, amma əməldə bunu göstərmək lazımdır, əməldə. Biz o ölkələrdənik ki, əməldə bunu göstəririk. Pandemiyaya qarşı qlobal mübarizədə biz birinci ölkələrdən olduq ki, Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar donor ianəsi verdik. Bu yaxınlarda artıq Qoşulmama Hərəkatının sədri kimi əlavə 5 milyon dollar ianə verdik Ümumdünya Səhiyyə Təşkilatına ki, bizimlə razılaşdırmaqla Hərəkata üzv ölkələrə yardım göstərilsin. Bilirsiniz ki, mənim təşəbbüsümlə iki Zirvə görüşü keçirildi - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü və Qoşulmama Hərəkatının Zirvə görüşü. Hər iki təsisatda Azərbaycan hazırda sədrdir. Bu təşəbbüs vaxtında və yerində olan təşəbbüsdür. Demək olar ki, bütün dünya birliyi bunu alqışlayır və Azərbaycanın rolunu qeyd edir.

Biz bunu etməyə də bilərdik. Kimsə bizə bir söz deyəcəkdi? Yox. Kim bizə irad tuta bilərdi ki, bu ağır dövrdə biz bu təşəbbüsü irəli sürməsəydik. Amma biz bunu etdik. Çünki biz məsuliyyətli ölkəyik və etibarlı tərəfdaşıq. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü dünya miqyasında onlayn formatda birinci Zirvə görüşü idi. Qoşulmama Hərəkatının Zirvə görüşü isə 120 ölkəni birləşdirir. Onu da bildirməliyəm ki, bu Zirvə görüşünə təbrik müraciətlərini BMT-nin Baş katibi Quterreş, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Avropa Komissiyasının vitse-prezidenti göndərmişdilər. Onu da bildirməliyəm ki, Qoşulmama Hərəkatı ilə Avropa İttifaqı arasında, mən bilən, bu günə qədər hər hansı bir ciddi təmas olmayıb. Çünki bu iki təsisat fərqli qütblərdə yerləşir və bir çox hallarda onların baxışları üst-üstdə düşmür. Ona görə bu da bir ilkdir. Əgər biz ölkələrin sayını götürsək, görərik ki, Qoşulmama Hərəkatında 120 üzv, Avropa İttifaqında 27 üzv, artıq 147 və Afrika İttifaqında 55 üzv fəaliyyət göstərir. Düzdür, onların bəziləri Qoşulmama Hərəkatının üzvüdür. Buna baxmayaraq, dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanın təşəbbüsü ilə COVID-19-a qarşı vahid platforma formalaşdırdı. Mən tam səmimiyyətlə deyə bilərəm, özümüzü tərifləmək üçün yox, sadəcə olaraq, həqiqəti dilə gətirmək üçün, Azərbaycan dünyanı birləşdirir. Birincisi, milli zəmində, yəni, ölkə ərazisində görülən bütün işlər, tədbirlər nümunəvi xarakter daşıyır. Sosial-iqtisadi paket adambaşına düşən xərclərə görə dünyada bəlkə də birincilər sırasındadır. Beynəlxalq müstəvidə özünü məsuliyyətli üzv kimi aparıb və yenə də ümumi daxili məhsula görə bizim qədər donor ianəsi verən olmayıb. Düzdür, bəzi ölkələr böyük rəqəmlər bəyan ediblər, amma hanı o vəsait, yoxdur. Bizimki isə nağd verilib. Beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülmüş təşəbbüslər də dünya birliyi tərəfindən birmənalı şəkildə yüksək qiymətləndirilir və təqdir edilir. Bax, bu çətin dövrdə hər kəsin əsl siması üzə çıxdı. Kim nəyə qadirdir, kim ölkəni necə idarə edir, kim böhrana qarşı necə hərəkət edir, kim xalqı, cəmiyyəti səfərbər edə bilib, kim isə, sadəcə olaraq, xarici yardıma möhtac qala-qala başqasından yardım diləyir. Ona görə həm özümüzə, xalqımıza, həm də bütün dünyaya bir daha göstərdik ki, biz ləyaqətli ölkəyik. Bizim üçün milli maraqlar prioritet məsələdir. İnsanların sağlamlığı isə milli maraqlar arasında prioritet yerdədir", - dövlət başçısı bildirib. 

Reaksiya.az

Şərhlər