Lətif İmanovun əsl üzü – VİDEO-FAKT

26.06.2020 22:46     Sosreaksiya     3533

Ağır psixoloji günlər yaşayırıq. Koronavirus bizim təkcə səhhətimizi deyil eyni zamanda psixikamızı, psixologiyamızı, əxlaq və mənəviyyatımızı da sınağa çəkir. İnsanların əsl sifəti, siması da belə anlarda daha çox üzə çıxır. Bizi, sanki, ən ağır dövrdə də mənəvi dəyərlər birləşdirə bilmir. Əksinə, cılızlığımız, cırlığımız üzə çıxır, xırda hisslərlə yaşamaqda davam edirik.

Bir neçə aydır ki, sosial şəbəkələrdə, mediada, telekanallarda körpə Mirayın, üç yaşlı qızcığazın taleyi ətrafında cərəyan edən dramatik hadisələri mən də ürək ağrısı ilə izləyirəm. İnsani duyğularım, ən nəhayət, vətəndaşlıq hissim məni baş verənlərə münasibət bildirməyə vadar etdi. Belə həssas məqamda susmağın özü də cinayətə və cinayətkarlara meydan sulamaq üçün şərait yaratmağa bərabərdir. Qanunun aliliyinə münasibətin, onu işlək hala gətirməyin ən mühüm qolu, ana xətlərindən biri də ictimai rəydən keçir. Odur ki, hörmətli oxucullardan xahişim budur ki, mənim bu fikirlərimi də ictimai rəyə bir rəy kimi qəbul etsinlər.

Seyr etdiyim çoxsaylı videoçarxlar, oxuduğum müxtəlif rəylər, tanış olduğum rəngarəng ictimai mövqelər belə qənaətə gəlməyə əsas verir ki, Bəşirovlar ailəsi öz mövqeyində sabitdir və bunu dönə-dönə vurğulayır: biz, uşağın kiminlə qalmasını, atasının və ya anasının himayəsində olmasını, yaxud hər ikisinin nəzarətində yaşamasını heç də ictimai müzakirəyə çıxarmaq arzusunda deyilik. Biz məsələni öz aramızda həll edə bilməsək, onda bu, məhkəmə predmetidir və hüquqi müstəvidə həll olunmalıdır. Bu ailənin istəyi, tələbi baş vermiş cinayət hadisəsinin, qərəzli xuliqanlığın, uşaq oğurluğunun, ahıl qadına yetirilən az ağır xəsarətlərin, adamların qanunsuz izlənməsinin və özbaşınalığın hüquq-mühafizə orqanları – polis, prokurorluq tərəfindən qanun çərçivəsində araşdırılıb hüquqi qiymət verilməsidir. Aydın, dəqiq və ədalətli mövqe deyilmi? Bu mövqedə, ailənin bu tələbində əxlaqi münasibət də, hüquqa, Azərbaycan Respublikasının qanunlarına hörmət də yüksək səviyyədədir. Böyük bir ailə, Azərbaycan Respublikasının ləyaqətli vətəndaşları hüquq deyib qanunun icrasını tələb edirlər. Qarşı tərəf isə, el arasında deyildiyi kimi: “Ağanəzərəm, belə gəzərəm,” – prinsipi ilə qanunu, hüququn aliliyini tapdalaya-tapdalaya gedir, əxlaq normalarına tam zidd çıxaraq, özbaşınalıq edir, muzdlu əl buyruqçuları tutaraq uşaq oğurlayır, qabaqcadan düşünülmüş şəkildə əlbir fəaliyyət göstərib uşaq qaçırılmasını təşkil edirlər. Olayın aparıcı qüvvəsi, baş “qəhrəman”larından biri də sabiq polis əməkdaşı Lətif İmanovdur. Sosial şəbəkə materiallarından bildiyimə görə Mirayın anası Samirənin atası Səxavət Baxşıyev maddi cəhətdən son dərəcə imkanlı adamdır, Rusiya Federasiyasının Ryazan vilayətində yaşayan oliqarxlardan biridir. Bu yerdə L.İmanovun hərəkətlərinin məntiqini asanlıqla dərk etmək və onun uşağın qaçırılması hadisəsində iştirakının əsl səbəblərini aşkarlamaq olar. Pulun şirinliyini kim bilmir ki?… Bu dad azmı adamı oda-oyuna salıb?… Lətif İmanov da onlardan biri…


Lətif İmanovun sosial şəbəkələrdə iki videomüraciəti yayımlanıb. Baxanlara məsləhət görərdim ki, bir də baxsınlar və görsünlər, həm də eşitsinlər ki, bizim bu dırnağarası “qəhrəman” çıxışı ilə özü-özünü necə də ifşa edir. O, bu videoyazıda, guya, Azərbaycan ictimaiyyətinə, dövlət başçısı cənab İlham Əliyevə, Birinci-vitse Prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayır. Heç nə yazılmamış ağ bir vərəqi götürüb yazılı müraciət kimi seyrçilərə sırıyır. Yalan elə ilk görünüşdən üzdədir. Bəlkə, kimsə bunun üstündən sükutla keçib deyə bilər ki, adi texniki səhvdir. Yox, əzizlərim bu, səhv deyil blefdir, yalandır. Axı böyük yalanlar adi yanlışlıqlardan başlayır.

Lətif İmanov bəlağətlə söyləyir ki, mən “Koala” parka təsadüfən gəlmişdim, yaxud, uşaqlarım bura gələcəkdi, onları gözləyirdim. Bu da ağ yalandır. O, buraya təsadüfən deyil, xüsusi tapşırıqla gələnə oxşayırdı. Faktlar və məntiqi dəlillər bunu bir daha sübut edir. Əvvəla, onun uşaqları “Koala” park yaşında deyil. Bu parka, adətən, körpələri gətirirlər, məsələn, Miray yaşlı uşaqları. L.İmanovun uşaqlarının isə bildiyimizə görə, birinin 11, digərinin isə 13 yaşı var. “Koala” park kimi məkanlar 13 yaşlı uşaqların maraq dairəsindən çox-çox uzaqdır. Videoçarxdakı vaxt göstəricisindən məlum olur ki, Lətif İmanov 17:06-dan 18:09-a qədər hadisə yerində olub. Haqlı sual doğur: bu müddətdə onun uşaqları parka niyə gəlib çıxmır?… Bundan başqa, polislər münaqişə iştirakçılarını polis bölməsinə apardıqdan sonra da L.İmanov parkda niyə gəzib dolaşır? Axı həmin vaxtda da onun uşaqları gözə dəymir. Başqa bir məntiqi arqument: hamı dağılışandan sonra Lətif İmanov yenidən peyda olub nə gəzirdi, kassirdən hansı informasiyaları toplamağa çalışırdı, direktorun kimliyi niyə onu belə maraqlandırırdı?… Görürsünüzmü, bütün bunlar, heç də təsadüfdən və sağlam məntiqdən soraq vermir.

Lətif İmanov videoçıxışında şərəf və ləyaqətdən, tərbiyə və əxlaqdan, xüsusən də polisin şərəf və ləyaqətinin qorunmasından bəlağətlə dəm vurur. İnsan psixologiyasında, doğrudan da belə bir anomaliyaya tez-tez rast gəlinir: adam, özündə olmayan, mənəviyyat və əxlaqına zidd keyfiyyətlərdən adətən, daha çox və ağızdolusu danışır. Onun çıxışına qulaq asdıqca məşhur psixoanalitiklərin fikirləri yadıma düşürdü. L.İmanovun özündənmüştəbeh çıxışı məni bir hadisəni ictimailəşdirməyə vadar etdi. Hadisə 2019-cu ilin fevral ayında baş verib. Lətif İmanov  Abşeron rayon polis idarəsinin hansısa bir tədqiqatçısını nəyə görəsə axtara-axtara gəlib çıxıb polis şöbəsinin yeməkxanasına. Polis işçisi ona deyib ki, “bir nömrəli dövlət tədbiri” olduğundan bütün şəxsi heyət bu işə cəlb edilib. Lakin bunu eşidən L.İmanov əsəbiləşərək polislərə ağzına gələn söyüşləri yağdırmış, hələ üstəlik bir bununla ürəyi soyumamış, Ulu Öndərin və cənab Prezident İlham Əliyevin ünvanına təhqiramiz ifadələr işlətmiş, səs-küy salmaqla ictimai qaydanı pozmuşdur. Təsəvvür edin ki, bu nalayiq sözlər küçədə, yaxud hansısa yeyib-içmək məclisində, və ya müxalifətin mitinqində səsləndirilməmişdir. Bu, rəsmi bir yerdə, polisin yeməkxanasında baş vermişdir. Bəli, Lətif İmanovun əsl sifəti və siması budur. Bunu biz özümüzdən uydurmuruq, yaxud kimdənsə eşitməmişik. Bu cümlələr Abşeron Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli qərarından götürülmüşdür. Elə məhkəmənin həmin qərarıyla da L.İmanovun hərəkətləri xırda xuliqanlıq kimi qiymətləndirilmiş və ona İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 05 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Burada söhbət heç də cəzanın azlığından-çoxluğundan, ağır-yüngüllüyündən getmir, insanın deqratasiyaya uğramış əxlaq və mənəviyyatından gedir. Əvvəla, xalqımızın ən yüksək və ən ali məziyyətlərini əks etdirən belə bir el misalı var, əgər Lətif İmanov bunu unudubsa, bir daha yadına salmaq pis olmazdı: “Ölənin dalınca ya yaxşı danışarlar, ya da heç danışmazlar.” Bu, öz yerində. Digər tərəfdən, Ulu Öndərimiz Azərbaycan xalqının (elə sizin də Lətif İmanov) xilaskarı, müstəqil dövlətimizin banisidir. Onun ruhunu təhqir edəndə heç xəcalət çəkmədinizmi?… Cənab İlham Əliyev Prezidentimizdir, dövlətçiliyimizin qarantıdır. O, xalqın əksər çoxluğu tərəfindən bu ali vəzifəyə seçilmişdir. Siz onu təhqir edəndə bütövlükdə xalqın seçiminə və dövlətçiliyimizə qarşı çıxdığınızın fərqinə vardınızmı?… Hətta bizim qatı düşmənlərimiz olan ermənilər də rəhmətlik Ulu Öndəri söyməyə cürət etməmişdilər. İndi də utanmaz-utanmaz cənab Prezidentimiz, – deyə müraciət edirsiniz. Söylədiyiniz təhqirlər hara, bu müti müraciətiniz hara? Hansı Prezidentə? Özünü və rəhmətlik atasını təhqir etdiyiniz Prezidentə üz tutursunuz? Bu gün polisin, hüquq-mühafizə orqanlarının şərəf və ləyaqətinin müdafiyəçisi kimi çıxış edirsiniz. Bəs Abşeron Rayon Polis İdarəsindəki təhqiramiz ifadələr kimə ünvanlanmışdı? Maraqlı burasıdır ki, bu gün də  prokurorluq və polis orqanları belə nalayiq adamları müdafiə etməkdə israrlıdır. Nəyə görə, nə üçün, yaxud nəyin müqabilində?!

Lətif İmanov öz çıxışında utanmadan “qəhrəman”lığından dəm vurur. Uşağı alıb anasına verməyi ilə fəxr edir. Sonra da qorxmadan, çəkinmədən (utanmaq bir yana qalsın) respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adından açıq-açığına manipulyasiya edir. Guya ki, uşaq Mehriban xanımın göstərişi ilə alınıb anasına verilib. Başa düşmək olmur, Mehriban xanım harada rəsmi göstəriş verib, bu barədə hansı sənədi imzalayıb, yaxud öz “İnstagram” səhifəsində bu barədə nə vaxtsa paylaşıb? Qəribədir, L.İmanov kimilərinin dilində və əməlində yalanlar ayaq açıb hətta, yeriyə də bilir…

Lətif İmanov özünü tez-tez hüquqşunas adlandırır. Görəsən onu hansı biliklərinə və insani keyfiyyətlərinə görə “AZTUR RENT A CAR” MMC-nə hüquqşunas vəzifəsinə işə götürüblər? Hadisələr və faktlar göstərir ki , bu adamın nə hüquqdan, nə qanundan, nə də qanunvericilik aktlarından anlayışı vardır. “Hörmətli hüquqşunas”, siz əsl hüquqşunassınızsa, bilməlisiniz ki, biz bu gün hüquqi dövlətdə yaşayırıq və respublikamızda hər şey hüquqi müstəvidə həllini tapır. Əsl hüquqşunaslar da fakta və sənədlərə əsaslanıb danışır, iddialar irəli sürürlər. Daha sizin kimi boş cəfəngiyyatlar söyləmirlər. Siz özünüz də bilməmiş deyilsiniz ki, Bəşirovların ailə problemi bu gün məhkəmə müstəvisində həll olunur. Boşanmaya qədərki dövr ərzində isə qanuni quvvəyə minmiş Nəsimi rayon məhkəməsinin 31 yanvar 2020-ci il tarixli qərardadı ilə uşağın atasından alınaraq anasına verilməsindən məhkəmə tərəfindən imtina olunub. Siz də “hüquqşunas” kimi yaxşı bilirsiniz ki, məhkəmə əsassız qərardad qəbul etmir. Məhkəmə qanuna əsaslanaraq belə bir nəticəyə gəlib. Bunun səbəbləri haqqında danışmayaq. Siz özünüz də yəqin ki, bu səbəblər barədə məlumatsız deyilsiz. Hər bir halda, biz, eləcə də siz və içi Ryazan qrupu qarışıq hamımız məhkəmə qərardadına hörmətlə yanaşmalıyıq. Amma siz ağına-bozuna baxmadan yalanları tirajlayırsınız, hələ bir heç nəyə, heç hansı sənədə əsaslanmadan rəsmi şəxsin, Birinci vitse-prezidentin adından sui istifadə edərək, öz mənasız uydurmalarınıza dayaq axtarırsınız. Unutmayın ki, cənab Prezident İlham Əliyev də, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da qanunun aliliyinin qarantı olduqlarını dəfələrlə bəyan etmişlər, yalnız qanunun. Cinayət isə gec-tez qanuni qiymətini almalı, cinayətkarlar isə cəzalandırılmalıdırlar. Qədim Roma hüququnda belə bir müddəa var: “Heç bir cinayət qanuni əsasa malik ola bilməz”. Bunu nə siz, nə də himayədarlarınız, Ryazan oliqarxı Səxavat Baxşiyev, qoy unutmasın!

Sözümün sonunda üzümü geniş ictimaiyyətə, sosial şəbəkələrin milyonlarla istifadəçilərinə, Lətif İmanovun videomüraciətinə qulaq asmış izləyicilərə tutub soruşuram. L.İmanov öz çıxışında uşağı qanunsuz şəkildə əlindən alınmış (oğurlanmış), çarəsiz vəziyyətə salınmış, özü və ahıl anası qərəzli xuliqanlıq təcavüzünə məruz qalmış, özü də, anası da xəsarətlər almış Tamerlan Bəşirovun ünvanına olmazın nalayiq sözlər söyləyir. Lətif İmanov haqqında bütün bu həqiqətləri biləndən sonra deyin görək, ləyaqətsiz, mənəviyyatsız, qanuna hörmət etməyən adam kimdir: Tamerlan Bəşirov, yoxsa Lətif İmanov? Son söz sizindir!

Reaksiya.az

Şərhlər