Formula 1-in açılış mərasiminin detalları məlum oldu - BŞH əməliyyat şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbərinin açığlaması.

09.02.2016 10:54     Sport reaksiya     1271

17-19 iyun tarixində Bakıda keçiriləcək Formula 1 Avropa Qran Prisinin açılış mərasiminin bəzi detalları məlum olub. Belə ki, yarışdan əvvəl milli mədəniyyətimizi əks etdirən 30 dəqiqəlik bir musiqili təqdimata yer veriləcək və sonunda təntənəli podium mərasimi təşkil olunacaq.

Bu haqda ANS PRESS-ə yarışa hazırlıqlarla bağlı müsahibə verən Bakı Şəhər Halqası (BŞH) əməliyyat şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

Nigar xanım, ötən il Bakıda keçirilən ilk Avropa oyunlarının möhtəşəm açılış və bağlanış mərasimləri hamını heyran qoydu. Bəs bu il Formula 1 yarışları üçün belə bir tədbirlərin keçirilməsi planlaşdırılırmı?

Avropa Qran Prisi Formula 1 Dünya Çempionatının təqviminə əsasən keçiriləcək 21 Qran Pri sırasında 8-cidir. Buna görə də bu növ yarışlar üçün möhtəşəm açılış və bağlanış mərasimləri xarakterik deyil. Ancaq yarışdan əvvəl milli mədəniyyətimizi əks etdirən 30 dəqiqəlik bir musiqili təqdimata yer veriləcək və sonunda təntənəli bir podium mərasimi təşkil olunacaq.

Bundan əlavə hər bir yarış gününün sonunda konsert proqramı planlaşdırılır və 3 günlük bilet almaqla azarkeşlər yarışlarla birlikdə yarış sonrası konsertlərə giriş hüququ qazanırlar.

Bu konsertlərdə çıxış üçün hər hansı bir dünya şöhrətli müğənni Bakıya dəvət olunacaq? 

Planlaşdırılır, sadəcə hal-hazırda bu məlumatlar sirr olaraq saxlanılır. Ətraflı məlumat yarış öncəsi rəsmi veb səhifəmiz vasitəsi ilə elan ediləcək. 


Nigar Arpadarai - Baku Grand Prix şirkətinin milli mətbuat katibi 


Nigar xanım, yarışın biletlərinin satışları nə yerdədir? Satışa çıxarılan biletlərin nə qədəri reallaşıb? Satılan biletlər daha çox hansı qiymətləri əhatə edir? 

Təəssüf ki, satış haqqında statistik məlumatları bölüşə bilmərik, amma qiymətlərə gəlincə onu qeyd edə bilərəm ki, müxtəlif kateqoriyalı biletlərə eyni dərəcədə maraq göstərilir, spesifik olaraq üstünlük təşkil edən bir seçim nəzərə çarpmır.
Avropa Qran Prisini Bakıda canlı izləmək istəyən tamaşaçılara müxtəlif qiymətdə və çeşiddə 30 minə yaxın bilet təklif olunur. 

Formula 1 həvəskarları, start-finiş xəttini yaxından izləmək imkanı verən “Abşeron” tribunası və digər tribunalarla yanaşı trek boyunca düzünə və döngələrdə təşkil olunmuş ayaqüstü zonalara aid fərqli bilet paketlərindən istədiklərini ala biləcəklər. Ətraflı məlumatırəsmi internet səhifəmizdən əldə edə bilərsiniz.

Onu da deyim ki, Azərbaycan Respublikası vətəndaşları üçün bilet qiymətlərində xüsusi endirimlər (20-40%) tətbiq edilib. Biletlərin qiyməti 19 ABŞ dollarından başlayır və bilet paketlərindən asılı olaraq yarış məkanına bir günlük və ya 3 günlük giriş izni verən biletlər mövcuddur. Daha əvvəl qeyd etdiyim kimi 3 günlük biletlər həmçinin yarış sonrası planlaşdırılan konsert proqramlarında iştirak hüququ verir.

Xaricdən bilet alan varmı? Hansı ölkələrdən maraq daha çoxdur? 

Hal-hazırda dünyanın müxtəlif ölkələrindən biletlər əldə edilir. Bu gün üçün həmvətənlərimiz ilə yanaşı Rusiya və Böyük BritaniyaUkraynaNiderland Krallığı vəFinlandiyadan olan Formula 1 azarkeşləri bilet alışına böyük maraq göstərirlər. 

Xüsusi qruplara (əlillərə, azyaşlılara və s.) biletlərin pulsuz verilməsi gözlənilirmi? 

Hal-hazırda bununla əlaqədar müzakirələr gedir və qısa vaxt ərzində rəsmi veb səhifəmiz vasitəsi ilə ətraflı məlumat veriləcək.

Hansı tarixə qədər biletlərin tam satılması gözlənilir? 
İnsanlar tərəfidən göstərilən yüksək marağı nəzərə alaraq biletlərin yarışlara qədər tam satılacağını düşünürük.

Şərhlər

Çox oxunanlar