Avropa Taekvondo İttifaqının vitse-prezidenti: “Azərbaycan Tokio Olimpiadasında Avropanı uğurla təmsil edəcək”

17.11.2016 12:22     Sport reaksiya     1542

Rioda keçirilən Yay Olimpiya Oyunlarının medal sıralamasında ilk “beşlik”də Avropanın 2 ölkəsi yer aldı. Bunlar Böyük Britaniya və Azərbaycan yığmalarıdı. Cəmi 8 il əvvəl isə heç bir təmsilçimiz ilk beş komanda arasında yox idi”. Apasport.az saytının məlumatına görə, bunu Avropa Taekvondo İttifaqının (ETU) vitse-prezidenti İqor Yuzefoviç deyib.

 

Eyni zamanda Moldova Taekvondo Federasiyasının prezidenti olan Yuzefoviç Rusiya mətbuatına müsahibəsində bildirib ki, taekvondo Avropada böyük populyarlıq qazanıb.

 

“Avropalıların nəticəsinin yaxşılaşmasının başlıca səbəbi taekvondonun qitədəki inkişaf və populyarlığının yüksək səviyyəsidi. Məsələn, Böyük Britaniyada Mançester Taekvondo Akademiyası var ki, bu da ölkədə idman növünün inkişafına və Olimpiya komandasının formalaşmasına böyük töhfə verir. Demək olar ki, son 2 Olimpiadada medal qazanan bütün britaniyalılar bu akademiyanın yetirmələridi. Elə Azərbaycan da eyni yolla gedir. Onların da özlərinin güclü taekvondo akademiyası var. Bu akademiyanın fəaliyyətinin və idmançı yetişdirməsinin nəticəsini Rioda gördük” – deyə, ETU rəhbəri bildirib.

 

Avropanın ən güclü taeokvondo ölkələrinin adlarını açıqlayan Yuzefiçin fikrincə, Tokio-2020-də favorit “beşlik”də Azərbaycan da olacaq: “Avropa taekvondosunun böyük “beşliy”i həmişə bu ölkələrdən ibarət olacaq: Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya və Azərbaycan. Bura Fransanı da əlavə etmək olar. Tokio-2020-də də Avropanı uğurla təmsil edəcək ölkələr də bunlar olacaqlar”.

 

Qeyd edək ki, taekvondoçularımız Rio-2016-da 1 qızıl və 2 bürünc medal qazanmışdılar. 

Şərhlər