Baş məşqçi: Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku Qazaxıstan komandası üçün çox vacibdir

10.02.2017 12:53     Sport reaksiya     1360

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku Qazaxıstan komandası üçün çox vacibdir.

Bu sözləri Trend-ə Qazaxıstanın batut üzrə milli komandasının baş məşqçisi Sergey Vertyankin deyib.

O deyib: “Bu bizim Bakıda ikinci çıxışımız olacaq. Bizim əsas məqsədimiz finala çıxmaqdır. Heyətimiz kifayət qədər təcrübəlidir, uşaqlar burada artıq çıxış edib”.

Baş məşqçinin sözlərinə görə, komanda üzvləri ən güclü idmançılarla bərabər səviyyədə mübarizə apara biləcək:

“Biz iqlimə uyğunlaşmaq və alətləri sınaqdan keçirmək üçün Bakıya fevralın 1-də gəlmişik. Bizi həmişə burada mehriban qarşılayıblar. Burada olmaq xoşumuza gəlir, ona görə də buraya daha tez gəlmişik. Bakıda gözəl avadanlıqları olan unikal zal mövcuddur. Mən Azərbaycana və onun idmançılarına uğurlar arzulayıram”.

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının yeni Olimpiya dövründə batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kuboku 18 və 19 fevral tarixlərində Bakıda Milli Gimnastika Arenasında baş tutacaq.

15 ölkədən paytaxtımıza təşrif buyuracaq 85 nəfər batutçu və tamblinqçi iki yarış günü ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə apararaq öz qüvvələrini sınayacaq. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Azərbaycanı batut üzərində fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcək.

Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku Bakıda artıq ikinci dəfədir təşkil olunur. Bu il isə tamblinq üzrə bu qəbildən olan yarışların ölkəmizdə debütüdür. Yüksək səviyyəli təşkilatçılığı ilə hər zaman fərqlənən gimnastika yarışları bu dəfə də bir çox yenilikləri ilə yadda qalacağını vəd edir.

Tamaşaçılar havada pərvazlanan ulduz batutçu və tamblinqçilərin təqdimatında maraqlı mübarizənin şahidi olmaqla yanaşı, əyləncəli müsabiqələr və fleşmoblarda da iştirak edə biləcəklər.

Məşhur kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alacaq.

Tamblinq cığırında isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar öz məharətlərini nümayiş etdirəcəklər.

Reaksiya. az

 

Şərhlər

Çox oxunanlar