UEFA Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək

21.09.2017 11:47     Sport reaksiya     1840

2018-2019 mövsümündə UEFA Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç 2019-cu il mayın 29-na təyin edilib.

Reaksiya.az-ın məlumatına görə, qərar UEFA İcraiyyə Komitəsinin 20 sentyabr iclasında çıxarılıb. İsveçrənin Nyon şəhərində keçirilən iclasda Çempionlar Liqasının gələn mövsümünün final matçının (1 iyun 2019) ev sahibliyi Madridin “Vanda Metropolitano” stadionuna verilib.

UEFA superkuboku uğrunda qarşılaşma isə (14 avqust 2019) İstanbulun “Vodafon Park” stadionunda baş tutacaq.

İcraiyyə Komitəsi Millətlər Liqasının formatını da təsdiqləyib. 2018-ci ilin sentyabrından başlayacaq turnirdə UEFA üzvü olan 55 milli komanda A, B, C və D divizionlarına bölünəcək. Hər divizion üzrə dörd qrup yaradılacaq və iki dövrədən ibarət turnir keçiriləcək. Millətlər Liqasının qalibi 2019-cu ilin iyununda A divizionundan dörd komandanın iştirak edəcəyi final turnirində müəyyənləşəcək.

Reqlamentə əsasən, komandalar bir diviziondan digərinə yüksəlir və düşür.

Turnir 2020-ci ilin Avropa futbol çempionatının final mərhələsinə hər diviziondan 1 komanda olmaqla 4 vəsiqə verir. Bunun üçün divizionlardakı qrup qalibləri arasında əlavə oyunlar təşkil olunacaq.

2020-ci ilin Avropa futbol çempionatının final mərhələsinə qalan 20 vəsiqə uğrunda seçmə turnir üçün UEFA üzvləri 10 qrupa bölünəcək. Qruplarda ilk iki yeri tutanlar finala adlayacaqlar.

Avropa çempionatının seçmə raundu 2019-cu ilin martında start götürəcək.

Reaksiya.az

Şərhlər