Filipe Luis: “Qarabağ”la ikinci görüşdən sonra yata bilmədim”

28.11.2017 11:37     Sport reaksiya     1715

“Hadisələrə real yanaşmaq lazımdı. Mövsümə heç də uğurlu start götürmədik”. Apasport.az saytının məlumatına görə, bunu “Atletiko”nun müdafiəçisi Filipe Luis deyib.

 

İspaniyada “Cadena SER” radiosunun qonağı olan Madrid klubunun futbolçusu komandasının erkən toparlandığını söyləyib: “İndi hər şey qaydasına düşüb. Fikrimcə, bir qədər soyuqqanlı olmalı idik. Lakin son iki görüşdə olduqca yaxşı təsir bağışladıq”.

 

Braziliya millisinin üzvü Çempionlar Liqasındakı çıxışlarına da toxunub. Luis “Qarabağ”la İspaniyada keçirilən (1:1) qarşılaşmadan sonra gözünə yuxu getmədiyini vurğulayıb. Bununla belə, sol cinah müdafiəçisi hələ də 1/8 final şanslarının davam etdiyini düşünür: “Qarabağ”la ikinci görüşdən sonra yata bilmədim. Saat 8-də yuxuya getdim və yarım saatdan sonra oyandım. Çempionlar Liqasından kənarda qalsaq, əlbəttə ki, bu, bizim üçün uğursuzluq olar. Həyat davam edir, ancaq növbəti mərhələyə yüksəlməyimiz çətin görünür. “Atletiko” kimi komanda Çempionlar Liqasında ən güclü 16 komanda arasında olmalıdı”.

 

Qeyd edək ki, Çempionlar Liqasında son tur öncəsi “Atletiko” 6 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Lider “Çelsi” 10, “Roma” 8 xala malikdisə, “Qarabağ” 2 xal toplayıb.

Reaksiya.az

Şərhlər