Bakının ev sahibliyi edəcəyi idman gimnastikası üzrə dünya kubokunda 163 idmançı yarışacaq

29.01.2018 15:34     Sport reaksiya     1219

Azərbaycan Gimnastika Federasiyası beynəlxalq yarışlar mövsümünə start verir. REAKSİYA xəbər verir ki, martın 15-18-də Milli Gimnastika Arenası idman gimnastikası üzrə dünya kubokuna ev sahibliyi edəcək. Bakıda üçüncü dəfə təşkil olunacaq bu yarışa 27 ölkədən 163 idmançının qatılacağı gözlənilir. Kişi və qadın idman gimnastları ilk iki gündə təsnifat, son iki gündə isə ayrı-ayrı alətlər üzrə final mərhələlərində güclərini sınayacaqlar. Federasiyanın beynəlxalq idman tədbirlərini yüksək səviyyədə təşkil etməsi və ildən-ilə artan təcrübəsi bu dəfə də yarışlarda əksini tapacaq. Turnir boyunca tamaşaçılar nəinki meydançada çıxış edən idmançıları, həm də təşkilatçılar tərəfindən təqdim olunacaq maraqlı fləşmobları da izləyəcəklər. Habelə müxtəlif müsabiqələrdə yaxından iştirak edərək federasiyadan xatirə hədiyyələri qazanmaq şansı əldə edəcəklər. İlin gimnastika üzrə ilk turnirinə biletləri Milli Gimnastika Arenasının kassasından əldə etmək olar. Təsnifat mərhələlərinin keçiriləcəyi günlər üçün biletlərin qiyməti 10 manat, final günləri üçün isə 15 manatdır.

Şərhlər