“Pxençan-2018” Qış Olimpiya Oyunlarının ikinci gününə yekun vurulub

10.02.2018 21:17     Sport reaksiya     1347

“Pxençan-2018” Qış Olimpiya Oyunlarının ikinci gününə yekun vurulub. Reaksiya xəbər verir ki, isveçli xizəkçi Şarlotta Kalla “Pxençan-2018” Qış Olimpiya Oyunlarının ilk qızıl medalını qazanıb. Skiatlon yarışlarında çıxış edən isveçli atlet 15 kilometr məsafəni 40 dəqiqə 44,9 saniyəyə qət edərək Olimpiya çempionu adını qazanıb. Norveçli Marit Borqen gümüş, Finlandiya atleti Krista Parmakoski isə bürünc medala sahib olublar. Qadınlar arasında biatlonun 7,5 kilometr məsafəyə sprint yarışlarında Almaniya təmsilçisi Laura Dahlmeier marşrutu 21 dəqiqə 6 saniyəyə qət edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Norveçli Marte Olsbu yarışı ikinci, Çexiya təmsilçisi Veronika Vitkova isə üçüncü pillədə başa vurublar. Kişilər arasında şort-trek idman növündə 1500 metr məsafəyə yarışlarda Koreya Respublikasından olan atlet Lim Hyojun 2 dəqiqə 10 saniyə göstərici ilə Olimpiya çempionu olub. Niderlandlı Sjinkie Knget gümüş, Simyon Elistratov (Beynəlxalq Olimpiya Komitəsi) isə bürünc medal əldə ediblər. Qadınlar arasında 3000 metr məsafəyə konkisürmə yarışlarında Niderland idmançıları fəxri kürsüdə yer alıblar. Belə ki, Karlin Açterikte qızıl, İrin Vüst gümüş, Antoinette De Yonq isə bürünc medal sahib olublar. Niderland millisi “Pxençan-2018” Qış Olimpiya Oyunlarının medal sıralamasında birinci pillədə qərarlaşıb. Niderland millisinin hesabında 1 qızıl, 2 gümüş və 1 bürünc medal vardır. Almaniya, Koreya Respublikası və İsveç 1 qızıl medalla 2-4-cü yerləri bölüşürlər. Norveç 2 gümüş medalla beşincidir. Çexiya, Finlandiya və Beynəlxalq Olimpiya Komitəsinin komandası 1 bürünc medalla 6-8-ci yerdə qərarlaşıblar. “Pxençan-2018” Olimpiya Oyunlarında 92 ölkədən 2952 idmançı iştirak edir. Bu, indiyə qədər Qış Olimpiadasında iştirak etmiş ən çox idmançı sayıdır. Oyunlara ən çox idmançı ilə qatılan ölkə Amerika Birləşmiş Ştatlarıdır (242 atlet). “Pxençan-2018”də yarışlar 13 idman obyektində keçirilir. Onların ümumi tamaşaçı tutumu 135 min nəfərdir. Atletlər 7 idman növündə 102 dəst medal uğrunda yarışırlar. Medalların birinin çəkisi 586 qramdan artıqdır. Bu, Qış Olimpiya Oyunları tarixində çəkisinə görə ən ağır mükafatdır. Olimpiadada Azərbaycan 1 idmançı ilə təmsil olunur. Patrik Braxner dağ xizək idmanında yarışlara qatılacaq. XXIII Qış Olimpiya Oyunları 6 yeni ölkənin debütü ilə də əlamətdar olub. Ekvador, Eritreya, Kosovo, Malayziya, Nigeriya və Sinqapur tarixində ilk dəfə Qış Olimpiya Oyunlarında iştirak edirlər. Qeyd edək ki, martın 9-dan 18-dək Pxençanda Qış Paralimpiya Oyunları keçiriləcək. Paralimpiyaçılar 6 növdə 80 dəst medal uğrunda mübarizə aparacaqlar.

Şərhlər