Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kubokuna qatılacaq komandaların sayı və heyətləri müəyyənləşib

16.02.2018 19:32     Sport reaksiya     1289

Martın 15-18-də Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışı keçiriləcək. REAKSIYA Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, artır turnirə qatılacaq komandaların heyətləri təsdiqlənib. Gimnastikanın bu növü üzrə sayca üçüncü dəfə Bakıda təşkil olunacaq yarışda ümumilikdə 26 ölkədən, o cümlədən Azərbaycan, Belarus, Çili, Çin, Taypey (Çin), Xorvatiya, Finlandiya, Gürcüstan, Yunanıstan, İtaliya, İran, İsrail, Yaponiya, Qazaxıstan, Latviya, Litva, Niderland, Norveç, Filippin, Səudiyyə Ərəbistanı, Sloveniya, Cənubi Afrika Respublikası, Türkiyə, Ukrayna və Özbəkistanı təmsil edən 100-dən çox gimnast mübarizə aparacaq. İştirakçılar arasında Çili və Taypey (Çin) yığma komandalarının üzvləri məhz Milli Gimnastika Arenasında debüt çıxışlarını edəcəklər. Çilidən bir, Taypeydən isə üç gimnast ilk dəfə Bakıda məharətlərini göstərəcək. Heyətlərinin genişliyinə görə iştirakçı ölkələrin siyahısına Sloveniya, Yunanıstan və Türkiyə milli komandaları liderlik edirlər. Bakı tamaşaçısı gimnastların doğma arenasında yenidən bir çox tanınmış idmançıların çıxışlarını izləmək imkanı əldə edəcək. Bakıda keçirilən turnirlərin artıq daimi favoriti sayılan, halqalarla hərəkətlərdə Olimpiya Oyunlarının qızıl mükafatçısı, ikiqat dünya və üçqat Avropa çempionu yunanıstanlı Elefterios Petrunias bu dəfə də arenada möhtəşəm çıxışları ilə izləyiciləri valeh edəcək. Qadın idman gimnastları arasında isə Olimpiya çempionu, dəfələrlə dünya və qitə yarışlarının mükafatçısı olmuş özbəkistanlı Oksana Çusovitina da bu dəfə yeni hədəfləri üçün Bakını seçib. Bundan başqa, idman gimnastikası üzrə sonuncu dünya çempionatında müxtəlif hündürlüklü qollarda qızıl medal qazanan Fan Yilin (Çin), kişilərin yarışında turnikdə bürünc medal əldə etmiş Bart Deurlo (Niderland), həmçinin 2015-ci ildə paralel qollarda dünya çempionu You Hao (Çin) Bakı turnirində ustalıqlarını göstərəcəklər. Azərbaycanı dünya kubokunda IV İslam Həmrəyliyi Oyunlarında komanda hesabında gümüş, fərdi çıxışlarda isə müxtəlif əyarlı medallar qazanan Murad Ağarzayev, Timur Bayramov və Bense Talas təmsil edəcəklər. Qadın gimnastlarımızdan isə İslamiadada komanda hesabında qızıl, şəxsi hesabda isə bir sıra medallar qazanan Yuliya İnşına və Marina Nekrasova, o cümlədən uzun müalicədən sonra yenidən idmana qayıdan Mariya Smirnova mübarizə aparacaqlar. Dördgünlük yarışlarda kişi gimnastlar 6, qadın atletlər isə 4 dəst medal uğrunda güclərini sınayacaqlar.

Şərhlər