“Pxençan-2018”: Norveç medal sıralamasında birinci pilləyə yüksəlib

19.02.2018 15:03     Sport reaksiya     1307

“Pxençan-2018” Qış Olimpiya Oyunlarının onuncu günündə - fevralın 18-də idmançılar altı dəst medal uğrunda mübarizə aparıblar. Norveç “Ağ Olimpiada”da medal sıralamasında birinci pilləyə yüksəlib.

Reaksiya.az xəbər verir ki, kişilər arasında biatlon üzrə 15 kilometr məsafəyə mass-start yarışlarında Fransa təmsilçisi Martin Furkade marşrutu 35 dəqiqə 47 saniyəyə qət edərək birinci olub. Bu, fransalı idmançının “Pxençan-2018”də ikinci medalıdır. Belə ki, Martin Furkade biatlonun pursiut yarışlarında da birinci olub. Almaniyalı Simon Şemp yarışı ikinci, Norveç atleti Emil Heqle Svendsen isə üçüncü pillədə başa vurublar.

Fristayl yarışlarında 2 dəst medal sahibini tapıb. Slopstayl növü üzrə kişilərin yarışında Norveç təmsilçisi Oystein Braateni 95 xalla Olimpiya çempionu adını qazanıb. ABŞ idmançısı Nik Qoepper ikinci, kanadalı Aleks Beaulieu-Marçand üçüncü olublar. Kişilər arasında hava akrobatikası yarışında isə Ukrayna atleti Aleksandr Abramenko 128,51 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, Ukraynanın Qış Olimpiya Oyunları tarixində üçüncü qızıl medalıdır. Ukraynanın əvvəlki iki qızıl medalı 1994-cü və 2014-cü illərdə keçirilən olimpiadalarda əldə olunub. Çin idmançısı Cia Zonqyanq gümüş, Olimpiya bayrağı altında çıxış edən Rusiya idmançısı İliya Burov isə bürünc medal əldə ediblər.

“Ağ Olimpiada”da qadınlar arasında 500 metr məsafəyə konkisürmə yarışlarında yaponiyalı Nao Kodaira 36,94 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Koreya Respublikasından olan atlet Li Sanq-Hva ikinci, Çexiya idmançısı Karolina Yerbanova isə üçüncü pillədə yer alıblar.

“Pxençan-2018”də kişilər arasında dağ xizəkçiliyi yarışlarının böyük slalom növündə Avstriya idmançısı Marsel Hirşer 2 dəqiqə 18 saniyə nəticə ilə qızıl medala sahib olub. İlk üçlüyü Norveç təmsilçisi Henrik Kristoffersen və fransalı Aleksis Pinturault qapayıblar.

Sərbəst xizəkçilik üzrə kişilər arasında 10 kilometr məsafəyə estafet yarışlarında marşrutu 1 saat 33 dəqiqə 4 saniyəyə qət edən Norveç komandası bütün rəqiblərindən üstün olub. Rusiya xizəkçiləri ikinci, Fransa atletiləri isə üçüncü olublar.

“Ağ Olimpiada”da onuncu gününün yekunlarına görə, Norveç millisi “Pxençan-2018” Qış Olimpiya Oyunlarının medal sıralamasında liderliyə yüksəlib. Bu ölkənin hesabında 9 qızıl, 9 gümüş və 8 bürünc medal var. Ümumilikdə 26 ölkədən idmançılar medalçılar arasında yer alıblar.

Almaniya (9-5-4) ikinci, Niderland (6-5-2) üçüncü, Kanada (5-5-6) dördüncü, ABŞ (5-3-2) isə beşinci pillədə qərarlaşıb.

 

reaksiya.az

 

Şərhlər