“Pxençan-2018”: 26 ölkənin idmançıları medalçılar sırasında yer alıblar

Martın 17-də - “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının doqquzuncu günündə 12 dəst medalın sahibləri müəyyənləşib. Paralimpiadada 26 ölkənin idmançıları medalçılar arasında yer alıblar. Reaksiya.az xəbər verir ki, paralimpiyaçılar dağ xizəkçiliyi, sərbəst xizəkçilik, xokkey və əlil arabasında kerlinq yarışlarında medallar uğrunda yarışıblar. Atletlər dağ xizəkçiliyinin slalom növündə mübarizə aparıblar. Görmə qabiliyyəti zəif kişilərin yarışlarında italiyalı Qiakomo Bertaqnolli 1 dəqiqə 36 saniyəlik nəticə ilə Paralimpiya çempionu olub. İlk üçlüyü Slovakiya təmsilçisi Yakub Krako və Paralimpiya bayrağı altında çıxış edən rusiyalı Valeri Redkozubov tamamlayıblar. Kişilərin ayaqüstə mübarizəsində Yeni Zelandiya təmsilçisi Adam Hall 1 dəqiqə 36 saniyəlik nəticə ilə qızıl medal qazanıb. Fransa idmançısı Artur Bauçet gümüş, ABŞ idmançısı Cami Stanton bürünc medala layiq görülüblər. Oturaq vəziyyətdə kişilərin yarışında xorvatiyalı Dino Sokoloviç 1 dəqiqə 39 saniyəlik göstərici ilə qızıl medal əldə edib. ABŞ idmançısı Teylr Valker və fransalı Frederik Francois ilk üçlüyü tamamlayıblar. Sərbəst xizəkçilik yarışlarında isə 6 dəst medal sahibini tapıb. Görmə qabiliyyəti zəif kişilərin 10 kilometr məsafəyə klassik yarışlarında kanadalı Brayn MkKiver 23 dəqiqə 17 saniyə nəticə ilə qızıl medala sahib olub. ABŞ atleti Cek Adikof və Belarus idmançısı Yuri Holub ilk üçlükdə yer alıblar. Kişilər arasında ayaqüstə 10 kilometr məsafəyə klassik yarışlarda yaponiyalı Yoşihiro Nitta 24 dəqiqə 6 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb. Ukraynalı Qriqori Voçinski və Kanada paralimpiyaçısı Mark Arendz ilk üçlüyü tamamlayıblar. Ayaqüstə 7,5 kilometr məsafəyə qadınların klassik yarışlarında Kanada atleti Natalia Vilkie 22 dəqiqə 12 saniyə nəticə ilə birinci olub. Rusiyalı Yekaterina Rumyantseva gümüş, digər Kanada idmançısı Emili Yonq isə bürünc medal əldə ediblər. Görmə qabiliyyəti zəif qadınların 7,5 kilometr məsafəyə klassik yarışlarında belaruslu Svetlana Saxanenko 22 dəqiqə 19 saniyə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rusiyalı Mixalina Lisova ikinci, Avstriya xizəkçisi Karina Edlinger isə üçüncü olub. Kişilərin 7,5 kilometr məsafəyə oturaq vəziyyətdə sərbəst yarışlarında Koreya Respublikasından olan idmançı Eui Hyun Sin 22 dəqiqə 28 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb. ABŞ xizəkçisi Daniel Cnossen yarışı ikinci, ukraynalı Maksim Yarovi isə üçüncü pillədə başa vurublar. Qadınların 5 kilometr məsafəyə oturaq vəziyyətdə sərbəst yarışlarında ABŞ təmsilçisi Oksana Masters 16 dəqiqə 42 saniyəlik nəticə ilə “Pxençan-2018”in qalibi olub. Almaniyalı Andrea Eskau gümüş, Rusiya idmançısı Marta Zainullina isə bürünc medal qazanıblar. Paralimpiadanın xokkey yarışlarında üçüncü yer uğrunda görüşdə Koreya Respublikası və İtaliya yığma komandaları qarşılaşıblar. Rəqibini 1:0 hesabı ilə məğlub edən Koreya Respublikası yığması “Pxençan-2018”in bürünc medalına sahib olub. Əlil arabasında kerlinq yarışlarına yekun vurulub. Belə ki, bürünc medal uğrunda qarşılaşmada Kanada millisi Koreya Respublikasını 5:3 hesabı ilə məğlub edərək turniri üçüncü pillədə başa vurub. Qızıl medal uğrunda görüşdə isə Çin və Norveç yığmaları üz-üzə gəliblər. Rəqibini 6:5 hesabı ilə məğlub edən Çin millisi Paralimpiadanın qızıl medalına sahib olub. “Ağ Paralimpiada”nın doqquzuncu gününün yekunlarına görə, ABŞ millisi “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Bu ölkənin hesabında 12 qızıl, 15 gümüş və 8 bürünc medal var. Ümumilikdə 26 ölkədən idmançılar medalçılar arasında yer alıblar. Rusiya (8-10-6) ikinci, Kanada (8-1-15) üçüncü, Almaniya (6-8-2) dördüncü, Ukrayna (6-7-8) isə beşinci pillədə qərarlaşıb.
Advertisement Banner

Şərhlər

Çox oxunanlar