Beynəlxalq turnirin ilk günündə Azərbaycan güləşçiləri iki medal qazanıblar

Martın 23-də Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə 56-cı “Dan Kolov - Nikola Petrov” beynəlxalq turnirinə start verilib. Reaksiya.az xəbər verir ki, turnirin ilk günündə yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (72 kq) və qadın güləşçilərimizdən Elis Manolova (65 kq) mübarizə aparıblar. Güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıblar. Mübarizəyə 1/8 finaldan başlayan Rəsul Çunayev (72 kq) ilk olaraq Polşa, ardınca Rumıniya idmançısını vaxtından əvvəl təmiz qələbə ilə məğlub edib. Yarımfinalda Türkiyə təmsilçisindən də üstün olan güləşçimiz finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Fransa təmsilçisi olub. Vaxtından əvvəl rəqibini məğlub edən Rəsul Çunayev turnirin qızıl medalına sahib çıxıb. Turnirdə 65 kiloqram çəkidə mübarizə aparan qadın güləşçimiz Elis Manolova ilk olaraq Yunanıstan təmsilçisinə tam üstünlüklə qalib gəlib. Ardınca Rusiya idmançısını məğlub edən güləşçimiz yarımfinalda Çexiya təmsilçisinə uduzub. Bürünc medal görüşünə haqq qazanan Elis Manolovanın rəqibi Macarıstan idmançısı olub. Rəqibini üstələyən güləşçimiz turnirin bürünc medalını əldə edib. Martın 24-də yunan-Roma güləşçimiz Elman Muxtarov (67 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) mübarizəyə qoşulacaqlar.
Advertisement Banner

Şərhlər