Dünyanın bir sıra milli komandaları yoldaşlıq oyunlarında öz güclərini sınayıblar

Dünyanın bir sıra milli komandaları yoldaşlıq oyunlarında öz güclərini sınayıblar. Reaksiya.az xəbər verir ki, bu ilin yayında dünya çempionatına ev sahibliyi etməyə hazırlaşan Rusiya yığması beş qat dünya çempionu Braziliya millisini qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində qapılara top vurulmayıb. İkinci hissənin 53-cü dəqiqəsində standart vəziyyətdən yararlanan braziliyalılar hesabı açıb. Miranda fərqlənib – 0:1. Oyunun 61-ci dəqiqəsində Paulinyoya qarşı qayda pozuntusuna görə 11 metrlik cərimə zərbəsini Kautinyo dəqiq yerinə yetirib - 0:2. Qarşılaşmanın son qolunu 66-cı dəqiqədə Vilyamın ötürməsini baş zərbəsi ilə tamamlayan Paulinyo vurub - 0:3. Beləliklə, görüş Braziliya millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə isə İrlandiya ilə qarşılaşıb. Mirça Luçeskunun komandası minimal hesabla qalib gəlib - 1:0. Yeganə qolun müəllifi 53-cü dəqiqədə Mehmet Topal olub. Günün maraqlı oyunlardan biri də Fransa və Kolumbiya komandaları arasında olub. Matç kolumbiyalıların qələbəsi ilə başa çatıb - 2:3. Argentina millisi italyanların qapısından iki cavabsız top keçirib. İngiltərə Hollandiya komandasını minimal hesabla məğlub edib - 1:0. Hazırkı dünya çempionu Almaniya millisi isə İspaniya komandası ilə heç-heçə edib -1:1.
Advertisement Banner

Şərhlər