Dünyanın bir sıra milli komandaları yoldaşlıq oyunlarında güclərini sınayıblar

28.03.2018 12:56     Sport reaksiya     1283

Dünyanın bir sıra futbol üzrə milli komandaları yoldaşlıq oyunlarında güclərini sınayıblar.

Reaksiya.az xəbər verir ki, bu ilin yayında dünya çempionatına ev sahibliyi etməyə hazırlaşan Rusiya yığması Fransa millisini qəbul edib. Matçın 40-cı dəqiqəsində Kyilan Mbapenin qolu ilə fransızlar hesabı açıblar. Komandalar bu hesabla fasiləyə yollanıblar. Oyunun 49-cu dəqiqəsində Paulo Poqba ikinci topu Rusiyanın qapısından keçirib. Görüşün 68-ci dəqiqəsində Fedor Smolov buraxılan toplardan birinin əvəzini çıxıb. Qarşılaşmanın sonlarında Fransa millisi hesab arasındakı fərqi yenidən iki topa çatdırıb. Matçın 83-cü dəqiqəsində K.Mbape dubl edib -1:3. Oyun bu hesablada yekunlaşıb.

Türkiyə yığmasının Monteneqro ilə keçirdiyi matçda qalib müəyyənləşməyib -2:2. Qolları Türkiyənin heyətindən Cengiz Ünder (11-ci dəq) və Okay Yokuslu (23-cü dəq) vurublar. Monteneqronun futbolçularından Mirko İvaniç (45-ci dəq) və Stefan Muqosa (87-ci dəq) adlarını tabloya yazdırıblar.

Günün digər qarşılaşmasında İspaniya yığması Argentinanı 6:1 hesabı ilə darmadağın edib. Almaniya millisi isə Braziliyaya minimal hesabla məğlub olub -0:1. İngiltərə və İtaliya oyunu isə 1:1 hesabı ilə yekunlaşıb.

Şərhlər