Bu gün futbol üzrə Topaz Premyer Liqasının XXIII turuna start veriləcək

14.04.2018 12:57     Sport reaksiya     1356

Aprelin 14-də futbol üzrə Topaz Premyer Liqasında XXIII tura start veriləcək. Reaksiya.az xəbər verir ki, turun ilk günündə bir oyun keçiriləcək. İyirmi iki turdan sonra çempionata liderlik edən “Qarabağ” klubu 12 xalla sonuncu pillədə qərarlaşan Gəncə təmsilçisi “Kəpəz”in qonağı olacaq. Gəncə şəhər stadionunda oynanılacaq qarşılaşmaya baş hakim Orxan Məmmədov təyin edilib. Oyun saat 16:00-da start götürəcək. Bu komandalar arasında keçirilən son səkkiz oyunda gəncəlilər qələbə qazana bilməyiblər. Ümumiyyətlə, Ağdam təmsilçisi “Kəpəz”ə qarşı keçirdiyi 15 matçdan 13-də qalib gəlib, iki oyun isə heç-heçə başa çatıb. Turun digər oyunları aprelin 15-də keçiriləcək. Həmin gün ilk qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq. “Qəbələ” doğma meydanda “Səbail”i qəbul edəcək. Əliyar Ağayevin idarə edəcəyi oyun saat 17:00-da başlayacaq. “Sumqayıt” klubu “Kapital Bank Arena”da paytaxt təmsilçisi “Keşlə” ilə qarşılaşacaq. Saat 18:00-da başlayacaq qarşılaşmada ədaləti təmin etmək Rəhim Həsənova həvalə olunub. Turun mərkəzi görüşü isə Bakida keçiriləcək. Paytaxtın iki təmsilçisi - “Zirə” və “Neftçi” Zirə İdman Kompleksində qarşı-qarşıya gələcəklər. Derbi saat 19:00-da başlayacaq. Turun yekun oyununu Rəhim Həsənov idarə edəcək. XXII turdan sonra çempionata 53 xalla “Qarabağ” klubu başçılıq edir. “Qəbələ” 41 xalla ikinci, “Sumqayit” isə 36 xalla üçüncü yerdədir.

Şərhlər