Azərbaycan gimnastları II Avropa Oyunlarına lisenziyalar qazanıblar

19.04.2018 17:23     Sport reaksiya     1216

Azərbaycan gimnastları gələn il Belarusun paytaxtı Minskdə təşkil olunacaq II Avropa Oyunlarına ilk lisenziyaları əldə ediblər. Reaksiya.az xəbər verir ki, bu günlərdə Bakıda keçirilmiş batut gimnastikası üzrə Avropa çempionatında iki kişi və iki qadın batutçumuz lisenziyalara sahib olublar. Bununla da, II Avropa Oyunlarında batut gimnastikası üzrə yarışlarda millimiz maksimum sayla – dörd nəfərlə təmsil ediləcək. Növbəti lisenziya xəbəri isə akrobatlarımızdan gəlib. Ötən həftə Belçikanın Antverpen şəhərində keçirilən dünya çempionatında qarışıq cütlüyümüzün uğurlu çıxışları onlara da Avropa Oyunlarına yol açıb. Böyüklər kateqoriyasında qadın qrupumuz olmadığından Oyunlarda bu növ üzrə yalnız qarışıq cütlüklərimiz mübarizə aparacaqlar. Gimnastikanın digər növlərinə gəldikdə isə, idmançılarımız bu il keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında, aerobika gimnastikası üzrə dünya çempionatında, idman gimnastikası üzrə həm bu il, həm də 2019-cu ildə keçiriləcək Avropa çempionatlarında lisenziyalar uğrunda yarışacaqlar. Qeyd edək ki, 2015-ci ildə Bakıda təşkil edilmiş ilk Avropa Oyunlarında olduğu kimi, “Minsk-2019”da da gimnastikanın altı növü üzrə yarışlar keçiriləcək.

Şərhlər